azerbaycan-bu-olkede-turizm-informasiya-merkezi-acir

Azərbaycan bu ölkədə turizm informasiya mərkəzi açır

Azərbaycan Turizm Bürosunun (ATB) Gürcüstanda informasiya mərkəzi açılacaq.

İnsider.az xəbər verir ki, mərkəz paytaxt Tbilisinin mərkəzi Rustaveli prospektində fəaliyyət göstərəcək.

Hazırda mərkəzin yerləşəcəyi məkanda daxili interyerin təmiri aparılır. Məkanın fasadında Azərbaycanın turizm loqosu və “Fərqli baxışlarla yenidən bax” (“Take another look”) sloqanının əks olunduğu lövhə yerləşdirilib. Lövhədə həmçinin Azərbaycana səyahət edən turistlər üçün lazım olan məlumatların cəmləndiyi saytın (Azerbaijan.travel) ünvanı və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi də qeyd olunub.

Mərkəzin açılma tarixi hələ məlum olmasa da, onun builki yay turizm mövsümünə qədər istifadəyə veriləcəyi ehtimal olunur.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə açıqlamasında bildirib ki, ATB-nin Tbilisidəki informasiya mərkəzində Azərbaycanın Gürcüstandakı tərəfdaş turizm şirkətlərinin nümayəndələri fəaliyyət göstərəcək: “Mərkəzdə Gürcüstan vətəndaşları və ölkəyə səfər edən əcnəbi ziyarətçilər Azərbaycanın turizm potensialı barədə məlumatlandırılacaqlar”.

Qeyd edək ki, ATB Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərir. Büronun əsas məqsədi tərəfdaşlarla əməkdaşlıq edərək Azərbaycanın turizm sənayesinin rəqabətliliyini artırmaq və inkişafına dəstək verməkdir.

©Report.az