dini-tedrisle-mesgul-olan-muellimler-diqqetle-secilmelidir-ekspert

Dini tədrislə məşğul olan müəllimlər diqqətlə seçilməlidir - EKSPERT

Təhsil Nazirliyi tərəfindən ali və orta məktəblərdə dini dərslərin keçiriləcəyi ilə bağlı Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikirləri təsdiqlənib və dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş dərsliklərindən istifadənin nəzərdə tutulduğu bildirilib. 

İnsider.az-a təhsil eksperti Kamran Əsədov məktəblərdə və ali təhsil ocaqlarında din dərsinin ayrıca tədrisi ilə bağlı təklifləri nəinki təqdir edib, hətta bu təkliflərin gecikdiyini bildirib. 

“Azərbaycanda orta məktəblərdə dini mövzuda dərslərin keçirilməsi zaman-zaman gündəmə gətirilir və müzakirə olunur.
Mən hesab edirəm ki, bu təkliflər son dərəcə gecikmiş təkliflərdir. Gərək orta məktəblərdə dini biliklərin tədrisi işinə çoxdan başlanılardı. Axı dini dəyərlər tarix boyu xalqımızın milli-mədəni və ideoloji identikliyini formalaşdırmış əsas baza hesab olunur. Orta təhsil müəssisələrində din fənninin tədrisi imkan verəcək ki, həm şagirdlərin dini cəhətdən savadlanması sağlam əsaslar üzrə formalaşsın, həm də onlar tarixi ənənəmiz və keçmişimizin dini tərəfini öyrənsinlər. Əxlaqi tənəzzül və həyata baxış tərzinin xalqımızda yad təmayüllərin təsiri ilə cılızlaşması, ictimai əxlaq qaydalarının pozulması, ailədaxili tərbiyənin xoşagəlməz format kəsb etməsi daha çox azyaşlı və gənclərə təsir göstərir. Məhz bu zəruri edir ki, orta məktəblərin aşağı siniflərindən başlayaraq dini biliklər tədris olunsun”.

Ekspert həmçinin dini tədrislə məşğul olan müəllimlərin dini sapdırmadan, başqa yönlərə çəkmədən tədrisinə diqqət edilərək seçilməsini təmin etməyin zəruri olduğunu vurğulayıb.

“Qeyd etmək istəyirəm ki, dini tədrislə məşğul olacaq müəllimlərin ölkə daxilində, yaxud da xaricdə təhsil almağı fərq etmir. Əsas budur ki, müəllim islam dinini yaxşı bilsin, ölkəmizin milli-mənəvi “xəritə”sinə bələd olsun. Xaricdə oxuyan əksər dindarların, bəlkə də ən çatışmayan cəhəti Azərbaycan reallığına bələd olmamaqları, təhsil aldıqları ölkələrin dini mühitini ölkəmizdə kortəbii şəkildə yaratmaq cəhdləridir. Yerli məzunların da çatışmayan cəhəti islam hüququ, tarixi, mədəniyyəti və s. haqda biliklərinin yüksək səviyyədə olmamağıdır. Bir sözlə, yerli məzunların əksəriyyəti sağlam dini tədris aparacaq səviyyədə deyil. Din fəninin şagirdlər tərəfindən yaxşı şəkildə mənimsənilməsini təmin edən əsas amillərdən biri budur ki, müəllimin özü dinin əmr və qadağalarına riayət etsin, əxlaq və davranışı ilə, həyat tərzi ilə onlara nümunə olsun. Bununla yanaşı, din fəninin tədrisini aparan müəllimin pedaqoji və psixoloji biliyi olmalı, tədris zamanı yekcins çatdırma və öyrətmədən uzaq olmalıdır. İslama dar baxış, dünyagörüşünün məhdudluğu da din fənninin tədrisi ilə məşğul olacaq müəllimlər üçün yolverilməzdir”.

Kamran Əsədov din dərsinin insanlarda mənəvi və dini boşluğun doldurulmasına böyük töhfə verəcəyini qeyd edib.

“Əxlaqlı, mənəviyyatlı, milli-mənəvi dəyərlərə malik və vətənə sevgisi olan insan uşaq ikən formalaşdırılmalıdır. Bunun üçün din dərsinin tədrisi ən münasib üsullardandır. İslamın gözəlliklərindən, Məhəmməd peyğəmbərin yüksək əxlaqından məlumatlı olan hər bir şagird bundan özünə ibrət götürəcək. Adətən gənclər islamı düzgün dərk etmədikdə yanlış yollara meyl edir. Düşünürəm ki, doğru və dolğun dini təhsil bu problemin də aradan qaldırılmasına imkan verəcək.
Amma vacib bir məqamı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiyasının və Təhsil haqqında qanunun tələblərinə görə din dövlətdən ayrıdır. Qanunvericiliyin aktlarına görə orta məktəblərdə hansısa dini mərasimlərin keçirilməsi, onun təbliğ edilməsi yolverilməzdir. Bir müddət əvvəl Mingəçevir şəhərində baş vermiş hadisə,  ya Bakı kəndlərində baş verən hadisələr tamamilə qanun pozuntusudur. Çünki bu məktəblərdə müəyyən  tədbirlər keçirilir. Amma bu dinə aid olan tədbirləri Dini qurumlarla iş üzrə dövlət komitəsi, Qafqaz Müsəlmanları İdarəsi yox, dindarlar təşkil edir. Bura mütəxəssislər cəlb olunmur.  Daha çox xurafat, dini etiqad məsələləri müzakirə olunub ki, bu da yolverilməzdir. 
Hər kəsin vicdan azadlığı var. Bu kimi hallarla onların hüququnu pozmaq olmaz”.

Nübar Lətifli