isvecre-emekdasliq-ofisi-resmisi-access-business-talks-istirakcilari-ile-oz-tecrubesini-bolusub

İsveçrə Əməkdaşlıq Ofisi rəsmisi "Access Business Talks" iştirakçıları ilə öz təcrübəsini bölüşüb

AccessBank-ın UNEC-də reallaşdırdığı "Access Business Talks" layihəsinin bu dəfəki qonağı İsveçrə Əməkdaşlıq Təşkilatının (SCO) əməkdaşı, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycan üzrə Milli Proqram rəhbəri Sənan Şabanov olub.

Qonaq tələbələrə İsveçrənin dünyada, o cümlədən Azərbaycanda reallaşdırdığı bəzi layihələr barədə ətraflı məlumat verib. Proqram rəhbəri qeyd edib ki, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyinin (SDC) Azərbaycandakı beynəlxalq inkişaf sahəsində fəaliyyəti İsveçrənin Əməkdaşlıq Təşkilatı (SCO) tərəfindən reallaşdırılır. Onun sözlərinə görə, SCO Azərbaycanın maliyyə sektorunun inkişafını, dövlət vəsaitlərindən şaffaf istifadəni və rəqabətqabiliyyətli özəl sektorun yaradılmasını dəstəkləyir. "Ölkədə həyata keçirilən islahatlar gələcəkdəki stabil inkişafın təməlini qoyur və biz bu addımları dəstəkləyirik. Əminik ki, bu inkişaf əhalinin bütün təbəqələrinə öz müsbət təsirini göstərəcək", - deyə Sənan Şabanov vurğulayıb.

Tələbələrin sualına cavab olaraq SCO rəsmisi bildirib ki, təşkilat fəaliyyət göstərdiyi hər bir ölkədə gender bərabərliyinin qorunmasına böyük önəm verir.

"Access Business Talks" iştirakçıları qonaqdan SCO tərəfindən qeyri-neft sektorunun inkişafına verilən dəstəklə də maraqlanıb. Proqram rəhbəri cavabında bildirib ki, bu sektorun inkişafı üçün maliyyə infrastrukturunun diversifikasiyası olduqca əhəmiyyətlidir: "SCO kiçik və orta sahibkarlıq subyektlərinin daha ucuz və əlçatan maliyyə resurslarına çıxışını dəstəkləyir".

Təqdimatın sonunda mütəxəssis tələbələrlə öz təcrübəsini bölüşüb və onlara bəzi tövsiyələr verib.

Qeyd edək ki, 10 həftə davam edəcək "Access Business Talks" layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr "AccessBank"da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaqlar.