mullerin-meruzesi-abs-da-bestseller-oldu

Müllerin məruzəsi ABŞ-da bestseller oldu

Ötən həftə boyu ABŞ-da 2016-cı ildə Rusiyanın Amerika prezident seçkilərinə müdaxilə etdiyi zənn edilən istintaq işinin yekunları üzrə hazırlanmış xüsusi prokuror Robert Müllerin məruzəsinin çap variantının 40 mindən çox nüsxəsi satılıb.

İnsider.az bu barədə “Associated Press” agentliyinə istinadla xəbər verir. Uydurulmamış süjeti olan kitablar arasında “Müllerin məruzəsi” bu göstərici üzrə bestseller olub.

Agentlik Amerika Birləşmiş Ştatlarındakı çap nəşriyyatları bazarının təxminən 85 faizini izləyən “BookScan” profil saytının məlumatlarını dəlil göstətir.

Məruzənin ən çox sayda nüsxəsini “Scribner” nəşriyyatı satıb. Bu, onunla əlaqədardır ki, “Skyhorse Publishing” və “Melville House” nəşriyyat evləri Robert Müllerin hesabatını kitab mağazaları piştaxtalarına bir qədər gec çıxarıblar.

Bildirilir ki, “Müllerin məruzəsi” elektron variantda da əlçatandır. “TASS”-ın məlumatına görə, onu, ABŞ Ədliyyə nazirliyinin saytına daxil olaraq, ödənişsiz yükləmək olar.

Xatırladaq ki, aprelin 18-i Amerika Birləşmiş Ştatlarının Ədliyyə Nazirliyi xüsusi prokuror Robert Müllerin yekun məruzəsini dərc etmişdi. Müllerin fikrincə, Rusiya Federasiyası ABŞ-da 2016-cı ildəki prezident seçkilərinin gedişatına təsir etməyə cəhd edib. Bununla belə, Müller aparılmış istintaqın Amerika prezidneti Donald Trampın Rusiya ilə əlbirliyini aşkar etmədiyini təsdiqləyib.

Samirə Məmmədova