paytaxtin-hansi-erazisinden-ipoteki-krediti-ile-ev-almaq-serfelidir

Paytaxtın hansı ərazisindən ipoteki krediti ilə ev almaq sərfəlidir?


“Bakının mərkəzində mənzillərin qiyməti digər ərazilərlə nisbətdə baha olduğu üçün, paytaxtın bu ərazisində ipoteka krediti ilə evlərin, mənzillərin alınması o qədər də məqsədəuyğun deyil”. 

Bu sözləri İnsider.az-a iqtisadçı ekspert Vüqar Oruc ən sərfəli qiymətə ipoteka krediti ilə mənzil sahibi olmaq mümkün olan ərazilər haqda danışarkən deyib.

“Aydın məsələdir ki, ipoteka krediti ilə mənzil sahibi olmaq istəyənlərin əksəriyyəti məhz sosial vəziyyətləri o qədər də əlverişli olmayan, birbaşa nəğd pulla mənzil almaq üçün imkanları çatmayan təbəqələrdən formalaşır. Ona görə də onların mərkəzdə yüksək qiymətə ipoteka krediti ilə ev sahibi olmağı münasib görünmür. Əsasən mərkəzə yaxın və müəyyən qədər mərkəzdən uzaq yerlərdə mənzillərin alınması müvafiqdir. Digər bir məsələdə ortaya çıxır ki, ipoteka krediti ilə mənzil almaq istəyən şəxs və ya ailə öz gələcək mənzilini lazımi imkanlar və kateqoriyalara uyğun olaraq seçir.  Həm otaq sayı olaraq, 1, 2, 3 otaqlı və yaxud yerləşdiyi mərtəbələrə görə, eləcə də bina seçimini istəyinə və büdcəsinə uyğun apara bilir. Ümumilikdə götürüldükdə əsasən mərkəzdən kənar yerlərdə, xüsusilə də Xətai və Nizami rayonlarında digər mərkəzə yaxın rayonlardan fərqli olaraq daha ucuz qiymətə mənzil almaq mümkündür. Həmçinin Yasamal rayonunda Yeni Yasamal ərazisində ipoteka mənzilləri sərfəli qiymətə əldə etmək mümkündür”, - deyə ekspert bildirib. 

İnsider.az saytına açıqlamasında iqtisadçı ekspert Nüsrət İbrahimov ipoteka krediti ilə qiymətlərinə görə daha ucuz başa gələn mənzillərin yerləşdiyi əraziləri sadalayıb: “Kütləvi yaşayış məntəqələrində, məsələn, şəhərin mərkəzi hissəsini çıxsaq Yeni Yasamal, Günəşli, mikrorayon, Əhmədli, kənd, qəsəbələrdən- Qaradağ, Sahil qəsəbəsi, Sabunçu, Suraxanı ərazilərində olan evlərin ipoteka alışı ucuz başa gəlir. Mərkəzə yaxın ərazilərdən qiymətin münasib olmasına görə Yeni Yasamal, nisbətən mikrorayon, Əhmədli, Günəşli ərazilərində ortalama qiymət təxminən kvadrat metrinə görə 1200-1600 manat civarında düşür. Hövsan, Türkan ərazilərində isə hər kvadrat metri 800-1000 manat arası dəyişir”.

Vüqar Oruc həmçinin evlərin metro stansiyalarına yaxın yerləşməsinin onun dəyərini daha da artırdığını qeyd edib:
“Nəqliyyatın rahatlığına görə, həm də infrastrukturun inkişafı baxımından metro stansiyaların yaxınlığında yerləşən mənzillərin ucuz olması gözlənilən deyil. 
İçərişəhər, Sahil, Gənclik, 28 May və qismən də Nərimanov metrostansiyasına yaxın yerlərdə yerləşən mənzillərə MTK və satış büroları tərəfindən yüksək qiymətlər qoyulur. Qara Qarayev metrosunun yaxınlığını çıxmaqla ətraf yerlərdə qiymətlər isə daha münasibdir. Məsələn, Bakıdan kənarda Xırdalan, Sumqayıt ərazilərində ipoteka krediti ilə mənzil almaq istəyənlərin sayı daha çoxdur. Bu da həmin ərazilərdə qiymətlərin daha çox münasib olmasından irəli gəlir. Burada mənzillərin alınması, aylıq ödənişlərin vaxtı-vaxtında edilməsi sosial cəhətdən imkanı o qədər yüksək olmayan təbəqə üçün daha da əlverişlidir. Bu baxımdan hesab edirik ki, mərkəzdə ipoteka krediti ilə mənzil almaq o qədər də məqsədəuyğun deyil. Rəqəmlərlə qeyd etsək, mərkəzdə elə MTK tərəfindən tikilən binalar var ki, orada hətta təmir səviyyəsində 1 kvadrat metri 3000-4000 manata təklif olunur. İpoteka krediti ilə ev alan şəxs məhz bu binalarda mənzil seçərsə onun aylıq ödənişi təqribən 1 kvardrat metrin qiymətinə yaxın məbləğ çərçivəsində olacaqdır. Məsələn, təqribən 1500-2000 manat civarında olacaq ki, bu da əmək haqqından ödənilməsi planlaşdırılan kredit məbləğinin nisbəti üçün o qədər də inandırıcı görünmür. 
Mərkəzdə ev tikilməsi daha baha başa gəlir ki, bu da satılan mənzilin qiymətinə öz təsirini göstərir”. 

Mənzillərin qiymətinə təsir edən amillər

Ekspert Vüqar Oruc həmçinin mənzilin qiymətinə hansı faktorların təsir etdiyinə də aydınlıq gətirib:
“Qiymətə təsir edən əsas amillər: evin ölçüsü, otaq sayı, təmiri, yerləşdiyi ərazi, hansı MTK tərəfindən tikilməsi, tikintinin keyfiyyəti, ətraf infrastruktur səviyyəsi (xəstəxana, məktəb, baxça və s...)kimi lazımlı cəhətlərlə yanaşı, həmçinin inşaatçının mənfəəti, maraqları, eyni zamanda bazarın göstəriciləri də burda rol oynayır. Azərbaycanda daşınmaz əmlak bazarı, müəyyən qədər qiymətləri formalaşmış bir bazardır. Hətta binanı tikən şirkət binanın yerləşdiyi yer üzrə tikintiyə başlamadan qabaq qiymətləri nəzərə alır. Əmlak bazarında ərazi üzrə qiymətlərin təqribən nə qədər olması əvvəldən bilinir. Binada mənzillərin hansı qiymətə satılması əvvəldən biznes plan şəklində sahibkar tərəfindən planlaşdırılır, hesablanır və buna müvafiq qərarlar qəbul olunur”. 
Nüsrət ibarhimov da evlərin qiymətinə təsir edən faktorlar haqda fikirlərini bölüşüb: “Mərkəzə olan məsafəsi, yerləşdiyi ərazi, infrastruktur, binanın lahiyəsi, mərtəbəsi, mənzilin təmir səviyyəsi, metro stansiyalara yaxın yerləşməsi belə faktorlardandır. Hətta qonşusunun kim olduğu belə buna təsir edir”.

Nübar Lətifli