problemli-kreditlere-gore-ilk-kompensasiyani-bu-xanim-aldi

Problemli kreditlərə görə ilk kompensasiyanı bu xanım aldı

Bu gündən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq, kredit təşkilatları və poçt rabitəsi milli operatoru vasitəsilə vətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanıb.

İnsider.az xəbər verir ki, kompensasiya alan ilk müştəri Xaçmaz rayonu Susayqışlaq kənd sakini, 1978-ci il təvəllüdlü Səidə Ağabala qızı Ağabalayeva olub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq, Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb.

Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir. Həmin şəxslərin sayının və həyata keçiriləcək bank əməliyyatlarının həcminin çoxluğunu nəzərə alaraq, kompensasiya verilməsi prosesinin optimal təşkili məqsədilə Maliyyə Nazirliyi tərəfindən kredit təşkilatlarına vəsaitlərin köçürülməsi mərhələli şəkildə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmaqla həyata keçiriləcək. Bütün ödənişlərin Fərmana uyğun olaraq cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

©"Moneta.az"