putin-avtonom-runet-haqda-qanun-imzalayib

Putin avtonom runet haqda qanun imzalayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin trafikin dayandırıldığı və filtrasiya olunduğu təqdirdə, runetin avtonom şəkildə işləməsinin təminatı barədə qanun imzalayıb.

İnsider.az bildirir ki, sənəd hüquq məlumatının rəsmi portalında dərc olunub.

Xüsusilə, sənəd Kommunikasiya Əlaqələri Nazirliyinə və Federal Təhlükəsizlik Xidmətinə internetin Rusiya seqmentinin qlobal internetlə bağlantı nöqtələrinə nəzarət etməyə imkan yaradacaq. “Kritik” hallarda Rusiya ərazisində şəbəkələrlə xüsusi monitorinq mərkəzi – “Roskomnadzor”-a (Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti) tabe olan xidmət – idarə edəcək.

Həmçinin sənəd bütün əlaqə operatorların trafikini filtrdan keçirən və qadağa olunmuş resursları – “təhlükələrə olan əks təsir vasitələrini” – bloklayan avadanlığı quraşdırmağı öhdəsinə qoyur. Təxmin edilir ki, onların quraşdırılması ilə “pulsuz əsasda” “Roskomnadzor” məşğul olacaq, operatorların üzərindən isə yeni avadanlığın tətbiqi səbəbindən internetin işləməsində yaranacaq problemlərə görə məsuliyyət götürüləcək.

Sənədin tələblərinin əsas hissəsi 2019-cu ilin noyabrın 1-i qüvvəyə minir. 2021-ci ilin yanvarın 1-dən iki bənd də qüvvəyə minəcək – dövlət orqanlarının və “Qoszakupki” (“Dövlət satınalmaları”) kimi informasiya sistemlərinin Rusiya kriptoqrafiyasından məcburi surətdə istifadəsi barədə, həmçinin əlaqə operatorlarının işində milli domen zonanın tətbiqi barədə.

Hökümət qanunun icrasına gedəcək sərfiyyatı ilkin olaraq 30 milyard rubl civarında dəyərləndirir. Avadanlığın alışına təqribən 20,8 milyard rubl, internet ünvanları və trafik marşrutları barədə məlumat yığımına daha 4,5 milyard, məlumat yığımı və saxlanılması üçün lazımi proqram-apparat vasitələrin tərtibatına, həmçinin şəbəkələrin monitorinqi və idarə edilməsinə də 5,5 milyard rubl lazım olacaq.

Qanun layihəsi Dövlət Dumasına 2018-ci ilin dekabrında təklif olunub, onun müəllifləri senatorlar Andrey Klişas və Lüdmila Bokova, həmçinin Rusiyanın Liberal-Demokrat Partiyasının deputatı Andrey Luqovoydur. Sənədin yaradıcılarının fikrincə, sənəd runetin beynəlxalq sistemlərdən kəsildiyi təqdirdə işləməsini saxlamaq üçün infrastruktur yaratmağa imkan verəcək.

Samirə Məmmədova