tanap-la-ixrac-edilen-qazin-hecmi-aciqlanib

TANAP-la ixrac edilən qazın həcmi açıqlanıb

"Şahdəniz" yatağının ikinci fazasından hasil edilən qazı Türkiyəyə nəql edən Trans Anadolu Təbii qaz boru kəməri (TANAP) vasitəsi ilə indiyə qədər Türkiyə bazarına 1,6 mlrd. kubmetr təbii qaz ixrac edilib.

İnsider.az xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya" forumunda Azərbaycan Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan TANAP-ın dəyəri 8 mlrd. dollar qiymətləndirilir. TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340

km təşkil edir. 2018-ci iliyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü
16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

TANAP layihəsində “Cənub Qaz Dəhlizi” QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.