“2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir”.
Bu, barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır:
“Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən ilin 27 dekabr tarixindən başlanılıb.
Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır”.
11:16
2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.
Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Qeyd olunur ki, yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.
“İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.
Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edir və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırır.
Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər”, - deyə nazirlik əhaliyə müraciət edib.
Oxu.Az