20-minden-cox-sagird-azerbaycan-dilinden-imtahan-verecek

20 mindən çox şagird Azərbaycan dilindən imtahan verəcək

Mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

İmtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanın müddəti 1 saat 30 dəqiqədir. Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 20 555 (Bakıda 13 677, Sumqayıtda 755, Abşeronda 723, Naxçıvanda 46, Gəncədə 1 383, Şəmkirdə 96, Tovuzda 189, Mingəçevirdə 186, Yevlaxda 121, Şəkidə 132, Zaqatalada 302, Balakəndə 242, Qəbələdə 204, Qaxda 169, Bərdədə 241, Göyçayda 227, Şirvanda 339, Lənkəranda 354, Qubada 224, Qusarda 473, Xaçmazda 482) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.