2019-cu-ilin-en-cox-ehalisi-olan-olkeleri

2019-cu ilin ən çox əhalisi olan ÖLKƏLƏRİ

BMT-nin İqtisadi və Siyasi məsələlər üzrə departamentinin mütəxəssisləri dünya əhalisinin sayının dəyişilməsi tendensiyasını analiz edərək, özünün “World Population Prospects” illik hesabatını dərc edib. 

Ekspertlər bildirirlər ki,  dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım sürəti xeyli zəifləyib. Onların proqnozuna əsasən, 2050-ci ildə əhalinin sayı 1 mlrd insandan çox arta bilər.

İnsider.az BMT hesabatına əsasən, 2019-cu ildə ən çox əhalisi olan ölkələrin  onluğunu təqdim edir.

1.Çin

2019-cu il üçün əhalisinin sayı: 1 434  mln
2050-ci il üçün proqnoz: 1 402 mln
2100-cü il üçün proqnoz: 1 065 mln

Son illər doğuşun məhdudiyyətləşdirilməsi siyasəti  yumşaldılıb. Belə ki, Ümumçin xalq məclisinin nümayəndələrinin daimi Komitəsinin 28 dekabr 2013-cü il qərarına əsasən, əgər valideynlərdən biri  ailədə yeganə övladdırsa, iki uşağa icazə verilirdi, lakin sonra qadağa aradan qaldırıldı.

Dövlət tərəfindən aparılan bu siyasətə, işçi qüvvəsinə ehtiyac olduğu və ənənəvi olaraq oğlan uşaqlarına üstünlük verildiyi üçün, əsasən kənd yerlərində müqavimət aparılır.

Hazırda Çin ən çox əhalisi olan ölkələrindən biridir, lakin BMT-nin analitiklərinin proqnozuna əsasən, Çin liderliyi Hindistana verəcək.

2.Hindistan

2019-cu il üçün əhalisinin sayı: 1 366   mln
2050-ci il üçün proqnoz: 1 639 mln
2100-cü il üçün proqnoz: 1 450  mln

Hindistan əhalisinin sayına görə Çindən sonra dünyada ikinci yeri  tutur. Hindistanlıların, demək olar, 70%-i kənd ərazilərində yaşayırlar, lakin son onilliklərdə böyük şəhərlərə miqrasiya şəhər əhalisinin sayının artmasına gətirib çıxarır.

Hindistanın ən böyük şəhərləri Mumbai, Deli, Kolkata, Çennay, Banqalor, Heydərabad və Əhmədabaddır.

3.ABŞ

2019-cu il üçün əhalisinin sayı: 329 mln
2050-ci il üçün proqnoz: 379  mln
2100-cü il üçün proqnoz: 434  mln

ABŞ əhalisi müxtəlif irqlərdən ibarətdir. Havaydan başqa bütün bölgələrdə  avropoid irq (Birləşmiş Krallıq, İrlandiya və digər Avropa ölkələrindən gələnlər) üstünlük təşkil edir.

4.İndoneziya

2019-cu il üçün əhalisinin sayı: 271 mln
2050-ci il üçün proqnoz: 331  mln
2100-cü il üçün proqnoz: 321   mln

İndoneziyanın bütün müstəqil inkişaf dövrü müddətində əhalisinin sayında yüksək artım müşahidə olunub. Qeyd edək ki, ölkə əhalisinin sayı 1980-ci illərdə ailə planlaşdırılması üzrə dövlət proqramının tətbiqi nəticəsində nisbətən azalmışdı.

BMT-nin proqnozuna əsasən, yaxın onilliklərdə İndoneziyanın əhalisinin artım sürəti get-gedə zəifləyəcək və 2055-ci ildən başlayaraq isə əhalinin sayı azalmağa başlayacaq.

5.Pakistan

2019-cu il üçün əhalisinin sayı: 217 mln
2050-ci il üçün proqnoz: 338  mln
2100-cü il üçün proqnoz: 403   mln

Əhalinin əsas hissəsi İnd çayının vadisində yaşayır. Pakistanın ən iri şəhərləri (Karaçi, Lahor, Ravalpindi və s.) ölkənin şərqində yerləşir. Şəhər sakinləri 36,38% təşkil edir.

BMT-nin proqnozlarına əsasən, Pakistan dünyanın ən çox əhalisi olan ölkələrinin reytinqində həm 2050-ci, həm də 2100-cü ildə 5-ci pillədə qalacaq.

6.Braziliya

2019-cu il üçün əhalisinin sayı: 211 mln
2050-ci il üçün proqnoz: 229  mln
2100-cü il üçün proqnoz: 181  mln

Ölkə mədəniyyətinə sabiq metropoliya Portuqaliyanın böyük təsiri olub. Braziliyanın rəsmi və demək olar, yeganə danışıq dili portuqal dilidir.

BMT-nin proqnozlarına əsasən, Braziliya əhali sayına görə 7-ci pilləyə enəcək, 2100-cü ildə isə ilk onluqdan kənarda qalacaq. 

7.Nigeriya

2019-cu il üçün əhalisinin sayı: 201 mln
2050-ci il üçün proqnoz: 401  mln
2100-cü il üçün proqnoz: 733  mln

Nigeriya qitədə ərazisinə görə 14-cü yerdə olmağına baxmayaraq, Afrikanın əhali sayı üzrə ən iri (dünyada isə 7-ci pillədə) ölkəsidir. Lakin BMT bildirir ki, artıq 2050-ci ildə Nigeriya dünyada əhali sayına görə 3-cü pillədə qərarlaşacaq. 2100-cü ildə də öz yerinə heç kimə verməyəcək.

8.Banqladeş

2019-cu il üçün əhalisinin sayı: 163 mln
2050-ci il üçün proqnoz: 193  mln
2100-cü il üçün proqnoz: 151  mln

Ölkə əhalisinin 46,4%-ni 25 yaşadək olan gənclər təşkil edir və yalnız 6,4%-i 65 yaşdan yuxarı olanlardır. 2018-ci ildə orta həyat müddəti 74 yaş olub.  

BMT-nin proqnozlarına əsasən, 2050-ci ildə Banqladeş dünyanın ən çox əhalisi olan ölkələri reytinqində 10-cu pilləyə düşəcək. 2100-cu ildə isə ölkə ilk onluqdan kənarda qalacaq.

9.Rusiya

2019-cu il üçün əhalisinin sayı: 146 mln
2050-ci il üçün proqnoz: 136  mln

Ölkə əhalisinin 78%-i Rusiya ərazisinin 25%-dən də az bir hissəsini təşkil edən Avropa hissəsində yaşayır. Federasiyanın subyektləri arasında ən çox əhali sıxlığı Moskva, ən az isə Çukotkada qeydə alınıb.

10.Meksika

2019-cu il üçün əhalisinin sayı: 128 mln
2050-ci il üçün proqnoz: 155  mln

Ölkənin müasir etnik tərkibi üç əsas qrupdan – avropalı, yerli hindli və afrikalılardan ibarətdir. Statistikaya əsasən, Meksikanın 40%-i beş ştatda: Mexiko 14 mln, Federal dairədə 8,7 mln,  Verakrusda 7,1 mln, Haliskoda 6,6 mln və Puebla ştatında 5,4 mln cəmlənib.