2021-ci-il-uzre-verilecek-subsidiya-kvotalari-aciqlanib

2021-ci il üzrə veriləcək subsidiya kvotaları açıqlanıb

Aqrar Subsidiya Şurası 2021-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul, toxum əmsallarının, toxum və ting kvotalarının, əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, baza məbləği 200 manat olmaqla, 2021-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləğinın aşağıdakılar istisna olmaqla, 2020-ci il eyni saxlanılıb:

Fermerlərdən gələn təkliflər nəzərə alınaraq fındıq bitkisi üzrə dövlət dəstəyi Ağdaş, Tovuz, Tərtər, Şamaxı, Yardımlı rayonlarında salınan fındıq bağlarına da şamil ediləcək.

Qarğıdalı, günəbaxan, soya, darı, yem üçün sorqo, kartof bitkiləri üzrə yay ayları ərzində aparılacaq təkrar əkinlərə 60 manat/ha əkin subsidiyası veriləcək.

Altı növ meyvə bitkisi üzrə yeni intensiv bağların salınması üçün xərcləri qismən kompensasiya etmək məqsədilə birdəfəlik əkin subsidiyası veriləcək.

Qeyd olunan birdəfəlik subsidiya 2021-ci ildə salınacaq limon bağlarına 11 min manat/ha, portağal, naringi bağlarına doqquz min manat/ha, deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınacaq nar bağlarına beş min manat/ha, zeytun bağlarına 4 min 900 manat/ha,  boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan fındıq bağlarına 4 min 400 manat/ha təşkil edəcək.

İntensiv, yarı intensiv gərzəkli və digər meyvə bağları üzrə əkin subsidiya məbləği eyniləşdirilərək bağın salındığı ilk dörd il ərzində 700 manat/ha, digər illər üzrə 240 manat/ha olaraq ödəniləcək.

Buğda bitkisi üzrə əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə 2020-ci ildə olduğu kimi 200 manat əkin subsidiyası veriləcək. Əkin sahələrinin 20 hektardan çox olan hissələrinə əkin subsidiyası məbləği isə 160 manat müəyyən edilib. Yonca bitkisi üzrə əkin subsidiya məbləği 2020-ci ildən fərqli olaraq 50 manat müəyyən olunub.

Aqrar Subsidiya Şurasının qərarına əsasən məhsul subsidiyası üzrə əmsallar, toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları 2020-ci ildə olduğu kimi saxlanılıb, toxum kvotası və tinglər üzrə illik kvota isə təsdiqlənib.