Stokholmdakı İsveç Kral Elmlər Akademiyası 2022-ci ildə Kimya üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Bunlar amerikalı kimyaçı, Stenford Universitetinin professoru Karolin Rut Bertozzi, danimarkalı kimyaçı, Kopenhagen Universitetinin professoru Morten P. Meldal və amerikalı kimyaçı, 2001-ci il Nobel mükafatı laureatı Karl Barri Şarplessdir.
Bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.
Onlar mükafatlarını klik kimyası (ayrı-ayrı kiçik elementlərin öz aralarında birləşməsi ilə kimyəvi maddələrin daha sürətli və effektiv alınmasını ehtiva edən kimyəvi reaksiyalar – red.) və bioortoqonal kimyanın inkişafına görə alıblar.
Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. İlk qalib “Fiziologiya və ya tibb” nominasiyası üzrə mütəxəssis – isveçli bioloq Svante Paabo olub. Fransız fiziki Alen Aspe, kvant mexanikası mütəxəssisi amerikalı Con Klauzer və avstriyalı Anton Zeylinger isə Fizika üzrə Nobel Mükafatına layiq görülüblər.
Oxu.Az