Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avqustun 8-9-da xüsusi karantin rejiminin pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmiş hərəkət iştirakçılarının sayı və görülən tədbirlər barədə məlumatı açıqlayıb.
İdarədən verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 8 avqust 2020-ci il saat 00:00-dan 10 avqust 2020-ci il saat 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 137 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 107 nəfər olmaqla, ümumilikdə 244 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Ötən həftənin şənbə və bazar günləri ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 400-ü rayon, 860-ı paytaxt istiqamətinə olmaqla 1260, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 280-i rayon, 955-i paytaxt istiqamətinə olmaqla 1235, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 535-i rayon, 510-u paytaxt istiqamətinə olmaqla 1045 avtomobil geri qaytarılıb, ümumilikdə 3540 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.