Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi Aqrar Kredit və İnkişaf Agentliyi 20 may – 15 iyun 2019-cu il tarixlərində ölkənin 6 rayonunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) texnika yarmarkaları keçirəcək.
İnsider.az xəbər verir ki, ilk yarmarka mayın 20-də Şəmkirdə olacaq. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edəcəklər.
“Məqsədimiz texnika təchizatçılarının ofis və bazalarına getmək, araşdırmaq imkanı olmayan kiçik və orta fermerləri təchizatçılar, onların təqdim etdikləri kənd təsərrüfatı texnikası və avadanlıqları ilə öz yaşadıqları regionda tanış edə bilməkdir. Fermerlərə dövlət güzəştlərindən faydalanmaqla texnika almaq qaydaları da yarmarkaya qatılacaq bank və lizinq təşkilatları tərəfindən ətraflı izah ediləcək” – texnika yarmarkalarının keçiriləcəyi səbəbini Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə izah edib.
Şəmkir: 20 - 21 may
Bərdə: 23 - 24 may
Şəki: 26 - 27 may
Ucar: 30 - 31 may
Quba: 8 - 9 iyun
Masallı: 14 - 15 iyun