Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 27 avqust tarixində keçiriləcək. Elan edilən bu hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisəsi, 19-u səhmdar cəmiyyəti, 8-i nəqliyyat vasitəsi, 5-i isə qeyri-yaşayış sahəsidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 14.8 kv.m ilə 9.2 min kv.m arasındadır. Dövlət əmlakları arasında yardımçı təsərrüfat, tikiş fabrikinin flialı, ticarət, xidmət obyektləri və digər müəssisələr var. Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, N.Nərimanov küçəsindəki xidmət obyektinin ümumi faydalı sahəsi 621.6 kv.m-dir. Dövlət əmlakı 668.3 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.
Özəlləşdiriləcək qeyri-yaşayış sahələri paytaxtla bərabər, Gəncə, Beyləqan və Abşeronda yerləşir. Obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün seçim fürsətləri yaradır. Ümumi faydalı sahəsi 47 kv.m olan qeyri-yaşayış sahəsi Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Bu növ dövlət əmlakları xidmət və ofis obyekti kimi istifadəyə uyğundur.
Salyan, Lerik, Şəmkir, Bərdə kimi şəhər və rayonlarda yerləşən səhmdar cəmiyyətlərinin 30%-45% intervalında olan, dövlətə məxsus səhm paketləri hərraca çıxarılıb. Belə iri müəssisələr arasında “Sabirabad İnşaat Sənaye”, “Oğuz kəndkimya”, “Kürdəmir Quşçuluq” və digər səhmdar cəmiyyətləri var.
Budəfəki hərracda avtomobil almaq istəyənlər seçimlərini buraxılış tarixi 2005-2009-cu illər olan nəqliyyat vasitələri üzrə edə bilər. Qeyd edək ki, bu avtomobillər Hyundai, BMW, Fiat və digər markalara aiddir.
Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərraclarda tətbiq olunan elektron imkanlar şəffaf və rahat mühiti təmin edir. Belə ki, seçim, sifariş və iştirak prosedurlarının sadələşdirilməsi hərraclara olan vətəndaş marağını artırır. Bütün növ dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu mənbələrdə hər bir əmlak haqqında ətraflı məlumat əldə etməklə yanaşı, elektron sifariş vermək də mümkündür. Bundan başqa, sifarişçilər və ziyarətçilər hərracın keçirildiyi məkana getmədən onlayn formada məsafəsiz özəlləşdirmədə iştirak edə bilər.