80-dovlet-emlaki-ozellesdirilmeye-cixarilacaq

80 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi avqustun 14-də növbəti hərracını keçirəcək.

Komitədən İnsider.az-a verilən məlumata görə, bu dəfə özəlləşdirməyə 80 dövlət əmlakı çıxarılıb. Bunlardan 46-sı kiçik dövlət müəssisə və obyekti, 22-si səhmdar cəmiyyəti, 9-u qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. Bu dövlət obyektlərinin faydalı sahəsi 20 kv. metr ilə 3 312 kv. metr intervalındadır. Müəssisələr arasında Sumqayıt, Balakən və Qaxda Əmlak kompleksləri, Şəkidə istirahət zonası, paytaxtla yanaşı, digər regionlarda ticarət və xidmət  sahəsi üzrə fəaliyyət göstərən dövlət əmlakları var. Sumqayıt şəhəri, Heydər Əliyev prospektindəki ticarət obyektinin faydalı sahəsi 629,9 kv. metrdir. Sözügedən dövlət əmlakı binanın 1-ci və 2-ci mərtəbələrində yerləşir.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 5-i Bakıda, 4-ü isə Sumqayıtda yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 21,7 kv. metr ilə 140 kv. metr arasındadır. Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektindəki dövlət əmlakının faydalı sahəsi 27,9 kv. metrdir. Bu dövlət əmlakı investor tərəfindən ofis və ya xidmət obyekti kimi istifadə oluna bilər.

Səhmdar cəmiyyətlərinin hərraca çıxarılan səhm paketləri ümumi səhmlərin 30-45%-ni təşkil edir. Dövlət əmlakları Bakı, Ağcabədi, Yevlax, Şirvan kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar “Xaçmaz Mexanizasiya Nəqliyyat”, “Neftçala Ət”, “Şıxlar broyler” kimi səhmdar cəmiyyətləri üzrə seçim edə bilər.

“Mitsubishi”, “Fiat” və “Nissan” markalarından olan nəqliyyat vasitələrinin buraxılış tarixləri 1997-2007-ci illər çərçivəsindədir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiyməti isə 3-4,2 min manat arasındadır.