88-olkeden-bakiya-gelen-olimpiadaci-istedadlarin-reqemsal-sponsoru-azercell

88 ölkədən Bakıya gələn Olimpiadaçı İstedadların Rəqəmsal Sponsoru Azercell

Lider mobil operator Azərbaycanın ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasına dəstək olur

İnformasiya-kommunikasiya texnologiyalarının insan həyatının bütün sahələrinə sürətlə nüfuz etdiyi dövrdə cəmiyyətin rəqəmsal savadının artırılmasını öz fəaliyyətinin ən prioritet istiqamətlərinin birinə çevirən Azercell Telekom növbəti təşəbbüslərlə çıxış etməyə davam edir. Bu il paytaxt Bakıda keçiriləcək dünyada kompüter elmi sahəsində gənclər arasında ən nüfuzlu yarışlardan hesab olunan 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell şirkəti İstedadların Rəqəmsal Sponsoru qismində təmsil olunacaq. Xatırladaq ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi vasitəsilə azərbaycanlı olimpiyadaçılar üçün xüsusi hazırlıq məşğələlərinin təşkilində iştirak edir. İstedadların Rəqəmsal Sponsoru olmaqla yanaşı, Azercell şirkəti həm də yarışmaçılar və onları müşayiət edən heyəti Azərbaycanda olduqları müddət ərzində mobil internet və xüsusi hədiyyələrlə də təmin edəcək.  

İnsider.az xəbər verir ki, Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir. Əlavə olaraq, Olimpiadanın rəsmi Qlobal Sponsoru qismində Acer şirkəti və İstedad Sponsoru qismində PAŞA Bank çıxış edir. 

1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası hər il dünyanın bir çox ölkəsindən məktəblilərə bilik və bacarıqlarını nümayiş etdirməyə imkan yaradır. Bundan əvvəl Olimpiada dünyanın 30-a yaxın ölkəsində baş tutmaqla Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və s. şəhərlərində keçirilib.  Bu il ölkəmizdə  baş tutacaq Beynəlxalq İnformatika Olimpiadasında iştirak üçün  Azərbaycan komandası da daxil olmaqla, 88 ölkədən 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri qeydiyyatdan keçmişdir. Bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları müxtəlif illərdə 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıb.

Xatırladaq ki, Azercell Telekom yarandığı vaxtdan ölkədə gənc nəslin inkişafına, məktəbli və tələbələrin müxtəlif sahələrdə bilik və bacarıqlarının artırılmasına, eləcə də, ölkədə informasiya-kommunikasiya, kompüter mühəndisliyi istiqamətində kadrların yetişməsinə xüsusi proqramlar, yerli və beynəlxalq müsabiqələr səviyyəsində öz dəstəyini göstərməkdə davam edir.  

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz    
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.