abs-cini-mezenne-manipulyatoru-elan-etdi

ABŞ Çini "Məzənnə manipulyatoru" elan etdi

ABŞ ilə Çin arasında "ticarət müharibəsi" şiddətlənir. "Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi, Çini "Məzənnə manipulyatoru" elan etdiyini açıqlayıb. 

ABŞ Xəzinə Nazirliyinin yaydığı yazılı açıqlamada, 1988-ci ildə qüvvəyə minmiş Omnibus Ticarət və Rəqabət Qanununun müvafiq hissəsi əsas götürülərək Çinin "manipulyator" olaraq elan olunduğu qeyd edilib.

Açıqlamada Çin rəhbərliyi, bazara müdaxilə edərək yuanın dəyərini aşağı salmaqda günahlandırılıb. 

ABŞ-ın maliyyə naziri Steven Mnuchin Beynəlxalq Valyuta Fondu (IMF) ilə əlaqəyə keçərək "Çinin son hərəkətlərinin yaratdığı ədalətli olmayan rəqabət şərtlərinin ortadan qaldırılması" üçün addım atılacağını bildirib.

Açıqlamada, Çinin G-20-dəki iqtisadi vədlərinin əksinə addımlar atdığı və bu addımların əlaqədar razılaşmaları pozduğu qeyd olunub.

10% əlavə vergi  

Bir neçə gün əvvəl ABŞ Başçısı Donald Tramp, 1 sentyabrdan etibarlı olmaqla 300 milyard dollarlıq Çin məhsuluna  10% əlavə vergi qoyduqlarını açıqlamışdı. Pekin rəhbərliyi də bu addıma cavab verəcəklərini açıqlamışdı. Dünən son 11 ildə ilk dəfə dollar/yuan məzənnəsi 7 səviyyəsini aşıb.

Çin və ABŞ-ın bir ildən çox müddətdir apardıqları müzakirələrin 11-cisi may ayının əvvəlində ABŞ-da aparılmışdı. Çinin baş müzakirəçisi, Baş nazirin köməkçisi Liu Hi, ABŞ-dakı müzakirələrdən əli boş qayıtmışdı.

Çin lideri Şi Cinping və ABŞ Prezidenti Donald Tramp, keçən ay Yaponiyada təşkil edilən G-20 Liderlər Zirvəsində ticarət müzakirələrinə davam etmək qərarı vermişdilər. G-20 Liderlər Zirvəsindən sonra 300 milyard dollar dəyərindəki Çin mallarına əlavə gömrük tarifi planının təxirə salındığını da açıqlamış Tramp, daha sonra Huawei-yə tətbiq edilən qadağaların ləğv edilməsinə yaşıl işıq yandırmışdı. Bu səbəbdən Trampın 300 milyard dollarlıq Çin məhsuluna  10% əlavə vergi qoyduqlarını açıqlaması çoxlarını təəccübləndirib. 

Yuanın ucuzlaşması Çin məhsullarının ABŞ bazarında rəqabət qabiliyyətini artırır və Çinin ABŞ qarşısındakı ticarət artığını (profisitini) böyüdür.

Manipulyasiya sərmayə bazarında cinayət hesab edilir. Manipulyasiya fransızca  mənşəli bir sözdür və Azərbaycanca qarşılığı bazar fırıldaqçılığı, hiyləgərlikdir.