abs-da-aktiv-qazma-qurgularinin-sayi-azalir

ABŞ-da aktiv qazma qurğularının sayı azalır

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalmaqda davam edir.

İnsider.az xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd azalaraq 987 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 59 ədəd azdır.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd azalaraq 802 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 42 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 185 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 15 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

©AZƏRTAC