ABŞ ədliyyə nazirliyi “aparıcı onlayn-platformalarına” dair araşdırmanın başlanğıcı haqda elan verib. Yoxlamanın məqsədi onların bazarda necə təsir gücünə sahib olduqlarını və fəaliyyətlərində “rəqabət məhdudiyyəti, innovasiyaların boğulmasına gətirib çıxaran və ya istehlakçılara hər hansı yolla ziyan vuran” metodları istifadə edib-etməyəcəklərini müəyyən etməkdir. İnsider.az bunu qurumun rəsmi saytına istinadla xəbər verir.
Nazirlik öz araşdırmasında istehlakçıların, şirkətlərin və sahibkarların axtarış servisləri, sosial şəbəkələr və bir sıra onlayn ticarət servislərinin fəaliyyətinə dair çox saylı şikayətlərini nəzərdən keçirəcəyini izah edib.
Qurum onlayn-platformaların adlarını qeyd etməsə də, çox güman, onların arasında “Amazon”, “Apple”, “Google” və “Facebook” var. Qeyd edək ki, ötən həftə ABŞ Konqresində məhz bu yüksək texnologiya şirkətlərinin artan təsirinə həsr olunmuş dinləmələr baş tutub və artıq bu prosseslər zamanı texnonəhənglərə bazarda dominantlıq, rəqabətə əngəl olma və istifadəçi məlumatları ilə etinasız davranış kimi iradlar irəli sürülüb.
Xatırladaq ki, ABŞ ədliyyə nazirliyinin “Google” barəsində antiinhisar araşdırmasına hazırlığı barədə amerikan KİV-i hələ iyunun əvvəlində xəbər verirdi. Cari ayın ortasında isə artıq ABŞ Federal Ticari Komissiyasının “Facebook”-u istifadəçi məlumatlarının sızmasına görə 55 milyard dollar məbləğində cərimələndiyi xəbəri yayılmışdı – bu, texnologiya şirkətləri tarixində maksimal cərimədir.
Samirə Məmmədova