Amerika Birləşmiş Ştatlarının ticarət nazirinin köməkçisi Arun Venkatamaran ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb.
Palatanın Vaşinqtonda yerləşən mənzil qərargahında baş tutan görüşdə texnologiya, nəqliyyat və kənd təsərrüfatı sektorlarını təmsil edən şirkətlərin nümayəndələri də iştirak ediblər.
Palatanın Direktorlar Şurasının sədri Reza Vəziri və icraçı direktoru Natiq Baxışov çıxışlarında təşkilatın fəaliyyətindən və ABŞ-Azərbaycan ticarət münasibətlərinə verdiyi töhfələrdən bəhs ediblər.
A.Venkatamaran bildirib ki, ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşməkdə məqsədi onun bu ilin aprel ayında Azərbaycana gözlənilən səfəri öncəsi ABŞ-Azərbaycan ticarət münasibətləri ilə bağlı biznes nümayəndələri ilə müzakirələr və özəl sektorun nümayəndələrini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparmaqdır.
Dövlət rəsmisi Azərbaycana edəcəyi səfərin məqsədi və əsas istiqamətləri barədə təşkilat üzvlərinə məlumat verib. Qonaq yaşıl enerji, regional nəqliyyat dəhlizlərinin inkişafı və rəqəmsallaşma sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. O, regiondakı vəziyyəti nəzərə alaraq, ABŞ-ın Azərbaycanla ticarət əlaqələrinə önəm verdiyini vurğulayıb və bu münasibətlərin daha da genişlənməsində maraqlı olduğunu ifadə edib.
Görüşdə çıxış edən “Boeing” şirkətinin nümayəndəsi Brayan Lop Azərbaycanla, xüsusən də “Silk Way West Airlines” şirkəti ilə indiyədək formalaşmış uğurlu biznes münasibətlərindən danışıb və Azərbaycanın etibarlı ticarət tərəfdaşı olduğunu bildirib.
Müzakirələrdən sonra qonağa Azərbaycan xalçası hədiyyə olunub.
Report