abs-irana-yeni-sanksiyalar-tetbiq-etdi-gerginlik-artir

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi - GƏRGİNLİK ARTIR

ABŞ, İranın dəmir, polad, mis, alüminium sektorlarına sanksiya tətbiq etdi.

İnsider.az xəbər verir ki, ABŞ  ilə İran arasındakı gərginlik artır. "Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İranın dəmir, polad, mis və alüminium sektorlarına sanksiya nəzərdə tutan fərmanı imzalayıb.

Ağ Ev, ABŞ Prezidenti Trampın imzaladığı fərmanı yazılı bir açıqlama ilə bildirib.

Sözügedənfərmana əsasən, ABŞ, İranın dəmir, polad, alüminium və mis sektorlarını hədəfə alan sanksiyalar tətbiq edir.

ABŞ-ın İranla nüvə müqaviləsindən çıxmasının 1-ci il dönümünə təsadüf  edən fərman haqqında Tramp bildirib: "Bu gün İranın qeyri-neft ixrac gəlirlərinin ən əhəmiyyətli mənbəyi olan dəmir, polad, alüminium və mis sektorlarına sanksiyalar nəzərdə tutan fərmana imza atıram".

Tramp, İranın terror mərkəzlərinə dəstək verməyə davam etdiyini, raketlər inkişaf etdirdiyini və regional münaqişələrdə rol oynadığını qeyd edərək, "Verdiyimiz qərarlar nəticəsində artıq İran rejimi terroru dəstəkləmək üçün maliyyə tapmaqda çətinlik çəkir, iqtisadiyyatı gözlənilməz bir depressiyaya girir, hökumət gəlirləri "quruyur" və inflyasiya nəzarətdən çıxır",- deyib.

Tramp, ABŞ-ın İrana qarşı maksimum təzyiq kampaniyasının uğurlu olduğunu bildirib.

Tramp 8 May 2018-ci ildə ABŞ-ın, 2015-ci ildə imzalanmış İranla nüvə müqaviləsindən çıxdığını açıqlamışdı.

Sonra İranın neft ixracını hədəf alan sanksiyaları tətbiq edən ABŞ, aprel ayında İran İnqilab Mühafizəçilərini "xarici terror təşkilatları" siyahısına daxil etmişdir.

İran Xarici İşlər Naziri Cavad Zərif də ABŞ-ın nüvə müqaviləsindən birtərəfli çıxmasına qarşılıq ölkəsinin nüvə fəaliyyətlərinin bir hissəsini yenidən həyata keçirməyə başlayacağını açıqlamışdır.

©Marja