abs-paris-iqlim-sazisi-nden-cixdi

ABŞ “Paris İqlim Sazişi”ndən çıxdı

ABŞ rəsmi olaraq “Paris İqlim Sazişi”ndən çıxdı.

TASS-ın məlumatına görə, bu, ölkənin BMT-yə öhdəliklərdən çıxmaq istəyi barədə bildiriş verməsindən bir il sonra həyata keçirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hələ 2017-ci ilin iyun ayında “Paris İqlim Sazişi”ndən çıxma istəyi barədə elan etmişdi. Onun fikrincə, sənəd ABŞ şirkətləri və vergi ödəyicilərinə qeyri-şəffaf iqtisadi öhdəliklər qoyub. Ağ Ev rəhbəri Vaşinqtonun sonradan daha əlverişli şərtlərlə müqaviləyə yenidən qoşula biləcəyini deyib.

“Paris İqlim Sazişi” 12 dekabr 2015-ci ildə iqlim dəyişikliyinə dair Çərçivə konvensiyasının XXI konfransından sonra qəbul edilib. Sazişə əsasən iştirakçı ölkələr planetdəki ortalama hərarətin sənaye öncəsi dövrlə müqayisədə 2100-cü ilədək Selsi üzrə iki dərəcədən çox artmasının qarşısını almaq razılığına gəliblər. Sənəd xüsusilə istixana qazlarının azaldılmasını nəzərdə tutur.