abs-ust-e-maliyye-yardimini-dayandira-biler

ABŞ ÜST-ə maliyyə yardımını dayandıra bilər

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası fonunda “Çin tərəfdarı” olmaqda günahlandırdığı Ümumdünya Səhiyyə Təşkilatına köçürdükləri vəsaitləri dayandıracaqlarını bəyan edib.

İnsider.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Ağ Evdə günlük keçirilən mətbuat konfransında bildirib.

ÜST-nin koronavirus epidemiyası ilə əlaqədar bəzi çağırışlara gecikdiyini bildirən Tramp təşkilatın ABŞ-ın Çinə tətbiq etmək istədiyi səyahət qadağasına da qarşı çıxdığını xatırladıb. O, həmçinin ÜST-ü “Çin yönümlü” fəaliyyət göstərməkdə günahlandırıb.

“ÜST-nin fəaliyyətinə nəzər salacağıq. Bununla birlikdə ÜST-ə ayırdığımız vəsaitləri böyük ölçüdə dayandıracağıq”,- deyə Amerika lideri açıqlamasında qeyd edib.

Jurnalistlərin bu istiqamətdə suallarını təkrarlamasından sonra Tramp səs tonunu yumuşaldaraq, “bunu qətiliklə edəcəyimizi söyləmirəm, amma bunu etməyi düşünəcəyik” deyə sözlərinə əlavə edib.

Qafqazinfo