accessbank-artiq-bir-nece-meyar-uzre-azerbaycanin-top-5-bank-siyahisina-daxildir

AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir

“AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir”, bu sözləri  AccessBank-ın İdarə Heyətinin üzvü İlkin Quliyev bildirib.

- İlkin bəy, son illər ərzində bankçılıq necə dəyişib? Siz bu dəyişiklikləri AccessBank-da necə görürsünüz?

- Ümumiyyətlə devalvasiyadan sonra bankçılıq çox dəyişib və şəxsən mənim fikrimcə bu dəyişikliklər effektiv və daha məhsuldardır. Devalvasiya bazar üçün iqtisadi şok olmaq ilə yanaşı eyni zamanda bankçılığa yeni baxış gətirdi. Bundan başqa, pandemiya özü-özlüyündə bankçılığın rəqəmsallaşmasına təkan verdi deyə düşünürəm. Sevindirici məqam ondan ibarətdir ki, Mərkəzi Bank rəqəmsallaşma istiqamətində çox vacib addımlar ataraq yeni qaydalar təsdiq etdi.  Banklar da bu dəyişikliklərdən yararlanmağa çalışır. AccessBank da rəqəmsalda  aktivləşib -  tezliklə yeni mobil bankçılıq tətbiqimizi  müştərilərin xidmətinə təhvil verəcəyik. Biznes müştərilərimiz üçün olan internet bankçılıq tətbiqimiz isə onların tələblərini tam olaraq qarşılayır. Bununla belə, biznes müştərilərimiz üçün də rəqəmsal kanallarımızı yenilənmək barədə düşünürük.

- Son aylar dünyada baş verənlərin  AccessBank-a təsiri oldumu?

 - Düşünürəm ki, var.  Ən azından biz bankda bunu görürük. Misal üçün, digər qonşu ölkələrlə nisbətdə inkişaf edən iqtisadiyyat, stabil məzənnə, investisiyaya açıq mühit kimi səbəblərdən bir çox xarici şirkətlərin ölkəmizə investisiyalarının artırması müşahidə olunur. Bankımıza son 6 ay ərzində yeni hesab açan xarici şirkətlər bizi çox sevindirir. Bu həm ölkəmizə əlavə investisiyalar, həm də bankımıza yeni müştərilər qazandırır.  Hüquqi şəxslərin bizim xidmətlərimizdən istifadə etməsinin başlıca səbəblərdən biri AccessBank-ın bütün səhmdarlarının beynəlxalq maliyyə qurum və institutlarının  olmasıdır.

- Digər maliyyə qurumlarında işləyərkən AccessBank-ı kənardan müşahidə etmisiniz. Bəs sizcə, Bank daxildə necədir?

- Əslində digər 3 bankda işləyərkən AccessBank məndə qapalı, amma özünəməxsus korporativ dəyərləri olan maraqlı bank təəssüratı oyadırdı. Düzünü desəm, AccessBank komandasına qoşulmaq təklifini alanda çox düşünmədim,  çünki qeyd etdiyim kimi Bank kənardan çox maraqlı görünürdü və güclü quruluşu, təməli ilə seçilirdi. Həm də mikromaliyyələşmə istiqamətində bazarın lideri olan bir bankda pərakəndə biznesini inkişaf etdirmək özü - özlüyündə çox cəlbedici təklif idi. Cəlbedici və riskli. AccessBank sıralarına qoşulanda seçimimdə heç peşman olmadım – burada güclü, peşəkar komanda, böyük potensiala malik və mənə də doğma və yaxın özünəməxsus korporativ dəyərləri olan bir bankla tanış oldum. Belə deyə bilərəm ki, AccessBank-la eyni dəyərlərin daşıyıcıları olduq.

- AccessBank-ın digər banklardan fərqi, özəlliyi nədədir?

- Elə bank var ki, orada proseslər ilk yerdədir (process base), elə bank var ki, orada insanların (team base) iştirakı proseslərdən daha vacibdir. Mənim gördüyüm, AccessBank-da bu iki istiqamətin miksidir. Burada Bankımızın əsas kapitalı – komanda çox önəmli rol oynayır, eyni zamanda daim təkmilləşən proseslər öz yerini tutur. Düşünürəm ki, bu simbioz AccessBank-ın korporativ idarə etməsində, biznes həyatında çox düzgün formalaşıb. Bankın bünövrəsi məhz bu formatda qurulub. Fikrimcə, bu da bizi digərlərindən fərqləndirən əsas özəlliyimizdir. Təbii ki, AccessBank-ın ölkənin mikro maliyyələşdirmə istiqaməti üzrə ən böyük bazar payına malik olması, həmçinin sistem əhəmiyyətli banklardan sonra ən böyük depozit portfelinə sahib olması fərqləndirici məqamlardan biridir.

- Növbəti illərdə AccessBank-ı harada görürsünüz?

- AccessBank-ın əsas missiyası – ilk növbədə kiçik və orta sahibkarlara, həmçinin pərakəndə müştərilərə dəstək olmaq strategiyasını davam etdirməkdir. Bu strategiyanı mərhələli şəkildə rəqəmsal kanallarda da inkişaf etdirəcəyik. Bu həm müştərilərin, həm də bazarın tələbidir. Rəqəmsallaşma və müştərilərimizin rahatlığı bankımızın növbəti 3 illik strategiyasında prioritet məqamlardan biri olacaq. İstər biznes, istərsə də pərakəndə müştərilərin banka gəlmədən rahat şəkildə əməliyyatlar aparması, hesab açması  proseslərini tam rəqəmsallaşdırmaq kimi planlarımız var.  Filial şəbəkəsinə gəldikdə isə cari il ərzində Naxçıvanda yeni - 30cu filialımızı müştərilərimizə təhvil verəcəyik. Növbəti illər ərzində isə filialların açılmasından daha çox agent bankçılıq xidmətlərindən istifadə etmək kimi planlarımız var.

 AccessBank artıq bir neçə meyar üzrə Azərbaycanın TOP-5 bank siyahısına daxildir. Bu göstəriciləri bəzi istiqamətlər üzrə inkişaf etdirmək, bəziləri üzrə isə qoruyub saxlamaq əsas hədəfimizdir. Həmçinin kiçik və orta  sahibkarlığa dəstəkdə ən böyük bazar payını və  pərakəndə müştərilərin depozit portfeli üzrə TOP5-də mövqeyimizi qoruyub saxlamaq, xidmət keyfiyyətimizi və əlavə olaraq rəqəmsal kanallarımızı təkmilləşdirərək yaxın gələcəkdə ən faydalı banklardan biri olmağı planlaşdırırıq.