“Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan uşaqların sayı dörd yox, beşdir”.
Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat verib.
O bildirib ki, uşaqlardan biri oğlan, dördü qızdır, onlardan biri azyaşlıdır:
“Uşaqların məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətləri Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdiriləcək.
Məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə onlar reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək”, - deyə o qeyd edib.
09:08
Şamaxıda baxımsız vəziyyətdə qalan 4 uşaq sığınacağa yerləşdirilib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, bu uşaqlarla bağlı kənd camaatı da aidiyyəti qurumlara dəfələrlə müraciət edib, lakin təəssüf ki, bu günə qədər onların aqibəti ilə ciddi maraqlanan olmayıb:
“Əvvəl onu deyim ki, bu ailə ilə bağlı ilk müraciətim keçən il yayda Şamaxı Rayon İcra Hakimiyyətinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə olub. Onda da aidiyyəti qurumlara dəhşətli görüntülər göndərmişdim. Təəssüf ki, nəticəni bu gün, məlum digər videoda görürsünüz. Bu uşaqlar zorakılıq, hətta ehtimal edirəm ki, fiziki zorakılıq qurbanlarıdır. Diqqətimi azyaşlıların “Mehman yanımızda qalırdı” ifadəsi çəkdi. Bu fikir məni başqa şübhələrlə qarşı-qarşıya qoyub. İnanın təcrübəmə, mütləq bu məsələdə seksual hərəkətlərə təhrik olduğu üzə çıxacaq. Əlbəttə ki, bu qurumlar üçün o qədər də maraqlı olmaz. Ancaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu üçün bu ehtimalları araşdırmaq maraqlı olar”.
K.Ağazadə qeyd edib ki, azyaşlıların anası onlarla heç maraqlanmayıb:
“Mən keçən ildən bunu görmüşdüm, o zaman hələ ən balaca uşaq lap körpə idi. Fikir verdinizsə, balaca uşaq bacının qucağında lüt vəziyyətdə gəlirdi. Ana cinayətə meyilli biri kimi araşdırılmalıdır. Qonşuların dediyinə görə, uşaqların qaldığı evin həyəti istifadə olunmuş şprislərlə doludur. Bu da uşaqların hansı təhlükələrlə qarşılaşdığından xəbər verir. Halbuki kənd camaatı dəfələrlə bu ailə haqqında icra nümayəndəsinə, bələdiyyəyə məlumat verib. İcra hakimiyyəti nümayəndəsinin bildirdiyinə görə, uşaqlar bu dəfə dövlət himayəsinə veriləcək. Amma mən anlamadım ki, niyə keçən dəfə müraciət etdiyimdən bu tədbir görülməmişdi. Belə baxıram ki, səbəb məlumatın ictimailəşdirilməsi oldu. Çünki bu dəfə DİN-ə də məlumat verildi, Baş Prokurorluğa da. Uşaqlar mütləq reabilitasiya keçməlidir. Çünki bir çox hadisələrə, olaylara o zaman aydınlıq gələcək. Bunu da biz - Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin əməkdaşları edəcək. Mane olmayın, qoyun uşaqlara yardım edək”.
Oxu.Az