ady-nin-musahide-surasi-iclas-kecirib-komitelerin-esasnameleri-ve-terkibleri-tesdiq-edilib

ADY-nin Müşahidə Şurası iclas keçirib: Komitələrin əsasnamələri və tərkibləri təsdiq edilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən, iclasda Müşahidə Şurasının üzvləri, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri və İdarə Heyətinin digər üzvləri iştirak ediblər.

Müşahidə Şurasının sədri, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda Müşahidə Şurasının fəaliyyətində səmərəliliyin artırılması, “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədilə yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiq edilib.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.