Yunanıstanın keçmiş kralı II Konstantin insult keçirərək paytaxt Afinada vəfat edib.
Bu barədə yerli “Newsbomb” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, 82 yaşlı keçmiş monarx Afinadakı evində olarkən kəskin insult keçirib və 7 gün ağır vəziyyətdə gətirildiyi paytaxtdakı “İgiya” xəstəxanasında reanimasiyada olub.
Məlumata görə, xəstəxanada onunla birlikdə ailə üzvləri - Danimarkalı həyat yoldaşı Anna-Mariya, uşaqları və bacısı var olub.
Qeyd edək ki, son illər keçmiş kralın səhhətində ciddi problemlər yaranmışdı. O, keçmişdə artıq insult keçirmiş və 2021-ci ilin dekabrında ona pnevmoniya və ağciyər ödemi diaqnozu qoyulmuşdu. Sonra keçmiş monarx COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Üstəlik, Konstantin hərəkətlərindəki problemlərdən dolayı əlil arabasına düçar olmuşdu.
Qlüksburq sülaləsindən olan Yunanıstanın sonuncu kralı (1964-1974) II Konstantin 1940-cı il iyunun 2-də kral I Pavel və Hannoverli Frederikanın oğludur. O, hökm sürən sonuncu pravoslav monarxdır. Danimarka kralı IX Kristianın nəslindən olan Konstantin Danimarka şahzadəsi titulunu daşıyır. 1967-ci ildə Yunanıstanda sağçı “Qara polkovniklər” rejiminin bərqərar olması ilə Konstantin radio vasitəsilə xalqı üsyana çağıraraq onlara qarşı durmağa cəhd edib. Lakin o, dəstək almayıb, ölkəni tərk etmək məcburiyyətində qalıb və Romaya köçüb. 1973-cü ildə referendumdan sonra Yunanıstanda monarxiya ləğv edilərək respublika elan edilib. Hərbi diktatura devrildikdən sonra demokratik hökumət 1974-cü il dekabrın 8-də ikinci referendum keçirib və bu referendum xalqın monarxiyanı bərpa etməmək iradəsini təsdiq edib. Konstantin heç vaxt bu referendumları tanımayıb və heç vaxt rəsmi olaraq taxtdan əl çəkməyib. Buna baxmayaraq, həmin vaxtdan etibarən Qlüksburq monarxiyası öz mövcudluğunu dayandırıb.
2013-cü ilə qədər keçmiş kral öz ailəsi ilə birgə Londonda yaşayıb. 2013-cü ilin may ayında kral ailəsi daimi olaraq Yunanıstana, Spetses adasından 6 km məsafədə yerləşən Ermionida icmasındakı Portoheliona köçüb. Keçmiş monarx səhhətində ciddi problemlər olduğundan müalicə aldığı xəstəxanaya yaxın olmaq üçün son aylarda Afinada yaşayıb.
Report