agdam-rayonunda-27-sentyabr-anim-gunu-ile-bagli-tedbir-kecirilib

Ağdam rayonunda  27  Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib

Artıq ikici ildir ki, ölkəmizin hər yerində olduğu kimi, Ağdam şəhərində də 27 Sentyabr – Anım Günündə Vətən müharibəsində canını fəda edən şəhidlərin əziz xatirəsi yad edilir.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr Anım Günü ilə bağlı Ağdam şəhərində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən tədbir keçirilmişdir. Tədbir zamanı ərazidə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, dövlət və özəl qurumların rəhbərləri və əməkdaşları ilə Şəhidlər xiyabanına yürüş edilib. Şəhidlər xiyabanının önəndə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş lövhənin önünə əklil qoyulub, I Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

Tədbir iştirakçıları çıxışlar edərək şəhidlərimizin əziz xatirələrini yad ediblər. “Əlbəttə, şəhidlərimiz bizim üçün böyük itkidir, ancaq onlar bizim ölməz qəhrəmanlarımızdırlar, xalqımızın xatirəsində daim əziz qalacaqlar. Biz bu gün bu torpaqlarda gəziriksə, bərpa və yenidənqurma işləri görürüksə, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi altında bu torpaqları 30 illik həsrətdən sonra bizə bəxş edən igid oğullarımıza borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik”, - deyə Emin Hüseynov bildirib.

Daha sonra Cümə məscidinə səfər olunub, məscidin önündə dualar oxunub, Vətən müharibəsinin başlandığı tarix, eləcə də şəhidlərimizin əziz xatirəsini böyük qürur hissi ilə anılıb.

 Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin dəstəyi və Ağdam könüllülərin iştirakı ilə ağacəkmə aksiyası da keçirilib.