Ağdamda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları adından dünya ictimaiyyətinə müraciət qəbul edilib.
Müraciətdə bildirilir:
“Biz - “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçıları - dünyanın mina ilə ən çox çirklənmiş şəhərlərindən biri olan Ağdamdan beynəlxalq ictimaiyyətə müraciət edərək mina və partlamamış hərbi sursatlara qarşı mübarizədə daha fəal olmağa çağırış edirik. Bakı və Ağdam şəhərlərində iki gün ərzində keçirilmiş geniş müzakirələr problemin qlobal məzmununu bir daha nümayiş etdirdi. Hazırda dünya xəritəsindəki ölkələrin üçdəbiri mina problemindən əziyyət çəkir. Humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Azərbaycan Respublikası artıq humanitar minatəmizləməni milli məqsəd kimi müəyyən edib.
Azərbaycan mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr siyahısındadır. İlkin məlumatlara görə, Azərbaycan Respublikası ərazisində 1,5 milyondan çox mina və partlamamış hərbi sursat var. 2020-ci ildə 44 günlük müharibədən sonra 338 nəfər işğaldan azad edilmiş ərazilərdə mina qurbanı olub. Onlardan 65 nəfəri həlak olub, 273 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində doqquz nəfəri uşaq və gənc, bir nəfəri isə qadındır.
1991-ci ildən ötən dövr ərzində Azərbaycanda minalardan zərər çəkənlərin ümumi sayı 3 416 nəfər təşkil edir. Heç bir halda minadan xəsarət alan şəxslərin pozulmuş insan hüquqları gözardı edilə bilməz. Yaşamaq hüququ insanın ən təbii, fundamental hüquqlarından biridir. Mina problemi bu gün Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərinə bir nömrəli maneədir, yüzminlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz, layiqli şəkildə qayıtmasını məhdudlaşdırır. Hazırda Azərbaycan dövləti humanitar minatəmizləmə ilə əlaqədar genişmiqyaslı işlər aparır. Qısa müddətdə xeyli ərazidə təmizləmə işləri aparılıb. Qadın minaaxtaran qruplarının da prosesə cəlb edilməsi təqdirəlayiqdir. Azərbaycan Respublikasının humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı təcrübəsi mina terrorundan əziyyət çəkən digər ölkələr üçün faydalı ola bilər. Biz dünya ictimaiyyətini, vətəndaş cəmiyyətlərini humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi müəyyən edilməsi işinə qlobal miqyasda ictimai dəstək verməyə çağırırıq”.
15:38
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyilə dünən Bakıda start götürən “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forum bu gün işğaldan azad edilən Ağdam şəhərində davam etdir.
Ağdama gələn beynəlxalq ekspertlər ilk olaraq Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Onlar daha sonra Azərbaycanda ilk qadın minatəmizləmə qrupu tərəfindən siçovullar və itlərlə minatəmizləmə işlərinin aparıldığı sahə ilə tanış olublar.
Günün ikinci yarısında Ağdam şəhərindəki Konfrans Mərkəzində 15 beynəlxalq ekspert və yerli QHT nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans davam etdirilib.
Report
11.31
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb.
Forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam şəhidlər xiyabanı haqqında məlumat verilib.
Bildirilib ki, Xocalı soyqırımı və birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülkü şəhidlərimiz burada dəfn olunub. Daha sonra forum iştirakçılarının minadan təmizlənmiş əraziyə baxış nəzərdə tutulur.
APA