agent-bankciliq-masalli-ve-tovuzda

Agent bankçılıq Masallı və Tovuzda!

Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlılığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, AccessBank və Azərpoçt-un birgə layihəsi olan agent bankçılıq artıq Masallı və Tovuz rayonlarında xidmət göstərir. Vətəndaşlar Masallı şəhəri, H.Əliyev prospekti, ev 89 ünvanında yerləşən AZ4400 indeksli və Tovuz şəhəri, Sabir küçəsi, ev 24 ünvanında yerləşən AZ6000 indeksli poçt xidmət mərkəzlərində AccessBank-ın təqdim etdiyi maliyyə xidmətlərindən yararlana bilərlər. 

Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihə modelinin tətbiqinə ilk olaraq Ağdaş rayonunda yerləşən Azərpoçt filialında başlanılıb. Artıq mart ayından etibarən şəhər sakinləri Bəkir Nəbiyev küçəsi-15/4 ünvanında yerləşən poçt filialında bank xidmətlərindən yararlanırlar.

Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.