“İqlim dəyişikliyi, yaşıl enerjiyə keçid, ətraf mühitin mühafizəsi və bərpa olunan enerji mənbələri son vaxtlar ən çox müzakirə olunan mövzular arasındadır. Biz görürük ki, dünya mediası göstərilən məsələlərə necə böyük diqqət yetirir, mətbuatda bu mövzunun işıqlandırılması ilə bağlı müzakirələr aparılır”.
Bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev mayın 3-də keçirilən MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformasiya Şurası) XXXI iclasında bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin cari ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyini xatırladan İdarə Heyətinin sədri iclas iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanda bu sahədə böyük layihələr həyata keçirilir, yeni hidroelektrik, günəş və külək elektrik stansiyaları tikilir.
Vüqar Əliyev qeyd edib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonası elan edib. Tamamilə dağıdılmış və yenidən dirçəldilən bu ərazilərdə yaşıl enerji onların bərpası prosesinin əsas istiqaməti olacaq”.
O, həmçinin xatırladıb ki, Azərbaycan 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və ölkəmizə 80 minə yaxın əcnəbi qonaq gələcək. İdarə Heyətinin sədri vurğulayıb ki, 198 ölkə Konvensiyanın tərəfdaşıdır və bu, tədbirin necə böyük miqyasa malik olduğunu göstərir.
Agentliyin rəhbəri deyib: “AZƏRTAC bu konfransın işıqlandırılmasında fəal iştirak edəcək. Biz, həmçinin həmkarlarımızı öz ölkələrindəki auditoriya üçün maraqlı və faydalı olacaq məlumatları yaymaq istiqamətində birgə fəaliyyət göstərməyə dəvət edirik. Əminəm ki, birgə səylərlə insanlara ölkələrin iqlim dəyişikliyi və yaşıl enerjiyə keçidlə bağlı qəbul etdikləri qərarlar barədə daha yaxşı məlumat verə bilərik”.
AZƏRTAC