ai-olkeleri-zererli-tullantilari-yariya-qeder-azaldacaq

Aİ ölkələri zərərli tullantıları yarıya qədər azaldacaq

Avropa İttifaqının (Aİ) üzv ölkələri 2030-cu ilədək havaya zərərli tullantıların miqdarını azı 55 faiz azaltmaqla bağlı razılığa gəliblər.

İnsider.az xəbər verir ki, bu barədə Aİ zirvə görüşünün yekun sənədində bildirilir:

“Aİ Şurası 1990-cu ilə nisbətən 2030-cu ilədək daxildə havaya buraxılan istilik qazları miqdarını azı 55 faiz azaltmaq barədə Aİ-nin icbari hədəfini təsdiq edir. Həmçinin deputatları bu yeni məqsədi Avropa İqlim Qanununa dair təklifdə əks etdirərək həmin qanunu tezliklə qəbul etməyə çağırır”.

Aİ-nin enerji komissarı Kadri Simson İttifaq məkanında havaya tullantıların ümumi həcmində 75 faizlik payı olan enerji sektoruna bu məqsədə çatmaqda əsas vəzifə düşəcəyini, 2030-cu ilədək region ölkələrində neft istehlakının 30 faiz, qaz istehlakının da 25 faiz azalacağını bildirib.

Bu hədəfin gətirdiyi üstünlüklərdən biri olaraq enerji daşıyıcıları idxalının azalması göstərilir.

Qeyd edək ki, sözügedən hədəf Aİ-də cari əsrin ortalarınadək istilik qazlarının havaya buraxılmasına son vermək barədə başlıca hədəfə çatmaqda bir mərhələ olaraq qəbul edilir.

Report