aib-in-prezidenti-diqqeti-daha-kicik-ve-semereli-layihelere-yoneldeceyik

AİB-in prezidenti: Diqqəti daha kiçik və səmərəli layihələrə yönəldəcəyik

Asiya İnkişaf Bankı (AİB) son altı il ərzində təqdim etdiyi kreditlərin həcmini 57% artırıb.

İnsider.az xəbər verir ki, AİB-dən yayılan məlumata görə, bunu bankın prezidenti Teyxiko Nakao Ficidə AİB-in 52-ci illik toplantısı çərçivəsində keçirilən mətbuat konfransı zamanı bildirib.

T. Nakaonun sözlərinə görə, əgər 2013-cü ildə AİB-in kredit portfeli 14 mlrd. ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 22 mlrd. dollara çatıb.

Hazırda təşkilat kiçik layihələrin maliyyələşdirilməsində daha çox maraqlıdır. "Böyük layihələr əvəzinə biz kiçik, lakin, daha effektiv olan layihələri həyata keçirmək niyyətindəyik", - deyə T. Nakao bildirib.

AİB-in rəsmisi onu da əlavə edib ki, hazırda Asiya regionu inkişaf etməkdədir, Asiya ölkələrinin çoxu artıq dünyanın ən yoxsul ölkələri sırasından çıxıb: "Qlobal iqtisadiyyatdakı yavaşlama ilə əlaqədar artan çətinlik və narahatlıqlara baxmayaraq, Asiyada inkişaf edən iqtisadiyyatlar sabit olaraq böyüməyə davam edəcək".

AİB-in proqnozlarına əsasən, 2019-cu ildə Asiyanın inkişafda olan 45 ölkəsi üzrə iqtisadi artım 5,7% təşkil edəcək. "Regionda artım əsasən istehlak və sərmayələrin çoxalması ilə əlaqədardır", - deyə T. Nakao əlavə edib.

©ONA.az