aleksey-naumov-azerbaycanlilar-ermenilerden-ferqli-olaraq-kelbecerden-ayaqyalin-kocurdu-video

Aleksey Naumov: “Azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən ayaqyalın köçürdü” - VİDEO

“Biz unutmamalıyıq ki, Qarabağ Azərbaycandır. Beynəlxalq hüquqlara əsasən, bu onun ərazisidir və o bu torpaqların geri qaytarılması üçün mübarizə aparıb”.

Bunu Rusiyanın “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov Kəlbəcəri tərk edən ermənilərin oradakı evlərini və digər tikililəri yandırmasını əks etdirən videogörüntüləri şərh edərkən deyib.

“Ən əsası isə rəsmi Bakı Şuşa şəhərini aldığı zaman alicənablıqla razılıq verdi ki, sülhməramlılar əraziyə buraxılsın, rayonlar mərhələ-mərhələ, yavaş-yavaş Azərbaycana qaytarılsın. Müvafiq olaraq, Azərbaycanın özünü bu vəziyyətdə bundan da artıq necə alicənabcasına apara biləcəyini mən təsəvvür edə bilmirəm... Və ermənilərə bu rayonlardan çıxmaları üçün bir həftə verildi”, - deyə ekspert bildirib.

Naumov 1993-cü ildə azərbaycanlıların Kəlbəcərdən çılpaq, ayaqyalın qaçmağını da xatırladıb:

“Bu tamamilə faciəli vəziyyətdir, hansını ki, bu gün də unutmaq olmaz. Bəli, bu, çoxdan olub, amma biz bunu unuda bilmərik”.

O bu vəziyyətdə belə Ermənistan hakimiyyətinin özünü qeyri-adekvat aparmasından danışıb:

“Aydındır ki, hərbi məğlubiyyətdən sonra qisas almağı, yumruğunu sıxaraq, onların hesab etdiyi kimi - “özünkünü” qaytarmaq istəyirsən. Lakin biz qisasçılığın nəyə gətirib çıxardığını bilirik. Biz bunu Avropada XX əsrdə çox gözəl görmüşük”.

Çıxışının sonunda ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın öz qürurunu udaraq İlham Əliyevə zəng etməli oduğunu bildirib.

“Azərbaycan bu gün belə bir vəziyyətdə özünü maksimum alicənab aparır, çünki 1993-cü ili unuda bilmərik”, - deyə o, sözlərini yekunlaşdırıb.