almaniya-azerbaycanli-telebelere-kredit-verecek

Almaniya azərbaycanlı tələbələrə kredit verəcək

Almaniya universitetlərində təhsil alan tələbələrə koronavirus pandemiyasına görə kredit veriləcək.

İnsider.az xəbər verir ki, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr artıq “Yenidənqurma Kredit Korporasiyası” bankının (Kreditanstalt für Wiederaufbau-almanca) yerli şöbələrinə müraciət edə bilərlər.

Kredit almaq hüququ qazanan tələbələrə gələn ilin mart ayına kimi hər ay 650 avro olmaqla vəsait ödəniləcək.

Eyni zamanda pandemiya səbəbindən çətin vəziyyətə düşənlər yerli tələbə dərnəkləri vasitəsi ilə ayda 500 avroya qədər dəstək üçün müraciət edə bilərlər.

Alman Akademik Mübadilə Xidmətindən (DAAD) “Report” Avropa börosuna bildirilib ki, hazırda xarici tələbələrin üzləşdikləri müvəqqəti problemlərin həlli üçün maliyyə dəstəyi fondu üzərində işləyirlər.

“Həmçinin korona böhranı dövründə stimullaşdırmalar barədə məlumat saytımızda yerləşdirilib. Təqaüdü lazımi səbəblərin olduğu fərdi hallarda da uzatmaq mümkündür. Avropa Birliyi mübadilə proqramı “Erasmus +”un tələbələri korona böhranı səbəbindən ölkələrində qalmaları və onlayn dərs almaları məcburiyyətində qaldıqları təqdirdə, verilən qrantları geri ödəməli deyillər”, - DAAD-dan bildirilib.

Məlumat üçün bildirək ki, Almaniyadakı universitetlər həm alman, həm də xarici tələbələrə müxtəlif yollarla dəstək verirlər. Hamburqdakı universitetlər tələbələrə şəhərdəki tələbə birlikləri vasitəsilə iyun ayından 400 avro faizsiz kredit təklif edir. Drezden Texniki Universiteti böhran səbəbi ilə əlavə iş yerlərini itirən, uşaq baxımı xidmətlərindən yararlana bilməyən və ya pandemiya ilə əlaqədar fərqli bir şəkildə çətin vəziyyətə düşən tələbələr üçün “Korona yardım fondu” yaradıb.