“Google”-un sahib olduğu “Alphabet” maliyyə hesabatının dərc edilməsindən sonra təxminən 70 milyard dollar bazar dəyərini itirib. İnisder.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.
Aprelin 30-u şirkət 2019-cu ilin ilk rübünün yekununu vurub:
• yanvar-mart üçün mənfəət ilbəil 17% artıb və 36,3 milyard dollara çatıb. Bu, 2016-cı ildən bəri mənfəət artımı dinamikasının ən pis göstəricisidir;
• xalis gəlir 9,4 milyarddan 6,6 milyard dollara qədər azalıb;
• reklamdan olan mənfəət 2018-ci ilin 24%-nə qarşı 15% artıb. Bu gəlir sütununa bütün şirkət mənfəətinin 84%-i düşür.
“Alphabet”-də reklamdan gələn mənfəətin artımının ləngiməsini “YouTube” alqoritmlərindəki dəyişiliklərlə izah ediblər. Şirkətin hansı dəyişiklikləri nəzərdə tutduğu məlum deyil. “CNBC” xatırladıb ki, 2018-ci ilin əvvəlində “YouTube” saxta xəbər tövsiyyələri, sui-qəsd nəzəriyyəli çarxlar və digər keyfiyyətsiz kontentlə daha aktiv mübarizə aparmağa başlamışdı.
Resursun fikrinə görə, “YouTube”-dakı kontent “təmizliyi” mənfəətin qısa müddətli enişinə gətirib çıxara bilərdi. Şirkətin maliyyə göstəricilərinə həmçinin “Alphabet”-ə 2019-cu ilin mart ayının sonunda Avrokomissiya tərəfindən tətbiq edilən 1,7 milyard dollarlıq cərimə də təsir edə bilərdi.
Aprelin 29-u hesabatın dərcinə qədər şirkətin bazar kapitalizasiyası 895,1 milyard dollar təşkil edirdi. Hesabatın dərci zamanı isə şirkət səhmlərinin dəyəri 8% azalaraq, 825,3 milyard dollara düşdü.
“Venturebeat” qeyd edir ki, 2019-cu il üzrə “Alphabet” səhmləri cəmi 23% artıb. “FAANG” qrupunda bu, ən pis göstəricidir: “Facebook”-un səhmləri 48%, “Netflix”-in 39%, “Apple”-ın 30% və “Amazon”-un 29% artım göstərib.
Samirə Məmmədova