Son günlər mətbuatda bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarını qəbul etməkdə müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb, müvafiq pul nişanları ilə təmin edilib.
AMB-nin apardığı monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib. Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə AMB bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirib və bu təşkilatlara müvafiq tədbirlər görülməsi ilə bağlı tövsiyyə və tapşırıqlar verib.
Report