amputasiya-hallarinda-elillik-dereceleri-nece-teyin-olunur-aciqlama-foto

Amputasiya hallarında əlillik dərəcələri necə təyin olunur? - AÇIQLAMA + FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunmasını açıqlayıb.

Qurumdan verilən məlumata görə, Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əsasnaməyə görə, aşağıdakı hallarda:

I dərəcə əlillik müddətsiz təyin edilir:

• iki ətrafın güdülü (“ətraflar” dedikdə ayaqlar və qollar, güdül dedikdə “amputasiya edilmiş, travmatik qopan hissə” başa düşülür);

• iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

• iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

• hər iki əlin bilək oynağından amputasiyası.

II dərəcə əlillik müddətsiz təyin edilir:

• bir budun güdülü;

• bir əlin güdülü.

III dərəcə əlillik müddətsiz təyin edilir:

• bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

• birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

• baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).