anar-kerimov-ermeni-vandalizmi-ile-bagli-150-olkeye-muraciet-edilib

Anar Kərimov: Erməni vandalizmi ilə bağlı 150 ölkəyə müraciət edilib

“Ermənilər 30 ilə yaxın işğal altında saxladıqları tarixi yurd yerlərimizdə bütün infrastrukturu, o cümlədən tarixi mədəni irsimizi məhv ediblər”.

Bu barədə Mədəniyyət naziri Anar Kərimov “Xalq” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Qarabağda ermənilərin törətdiyi vandalizm artıq dünya ictimaiyyətinə çatdırılır:

“Yeri gəlmişkən qeyd edim ki, mədəni irsimizə qarşı törədilən vandalizm aktları ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən UNESCO və ICESCO-ya, BMT-nin Sivilizasiyalar Alyansına və 150 ölkənin mədəniyyət nazirliyinə müraciət edilib. İndiyədək dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.

Həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət nümunələrinin əksəriyyəti işğalçılar tərəfindən tamamilə məhv edilib. Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur.

Müəssisələrin, demək olar ki, hamısı tamamilə dağıdılmış vəziyyətdədir. Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”.

Nazir qeyd edib ki, İşğal altında olan torpaqlarımızı azad edəndən sonra erməni diasporunun və onların havadarlarının təsiri ilə UNESCO regiona missiya göndərilməsi məsələsində ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirib:

“Bu, bizi məyus etdi. Halbuki tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı bizim tərəfimizdən diqqətə çatdırılsa da, qərəzli yanaşma davam etdi.

Artıq işğaldan azad olunmuş ərazilərdə müəyyən təhlükəsizlik tədbirləri həyata keçirilib və ölkəmiz UNESCO missiyasını qəbul etməyə hazırdır. Həmin missiyanı qəbul etməyə hazır olduğumuz haqqında müraciət göndərilib və texniki missiya zamanı işğaldan azad edilmiş ərazilərdə baxış keçiriləcək abidə və mədəniyyət müəssisələrinin siyahısı da təqdim olunub.

Onu da qeyd edim ki, Vətən müharibəsindən əvvəlki dövrlərdə də Azərbaycan bölgəyə – işğal edilmiş torpaqlarımıza missiyanın göndərilməsi ilə bağlı UNESCO-ya dəfələrlə müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti ölkəmizin maraqları çərçivəsində öz həqiqətlərini dünyaya çatdırmaq məqsədilə UNESCO ilə əlaqələrin inkişafı üçün əməkdaşlığı davam etdirəcək”.