Kriptoaktivlərin qorunması üzrə “Anchorage” startapı B-raundda “Visa”, “Andreessen Horowitz” fondundan və digər investorlardan 40 milyon dollar cəlb edib. İnsider.az bu barədə xəbəri “TechCrunch”-a istinadla çatdırır.
Raundun lideri “Blockchain Capital” vençur şirkəti olub. Hər investorun yatırım həcmini və onların əldə etdiyi payları tərəflər açıqlamır.
Cəlb edilmiş vəsaitləri “Anchorage” öz servis təhlükəsizliyinin təkmilləşdirilməsi üçün istifadə edəcək.
Qeyd edək ki, “Anchorage” aktivlərin saxlanması və idarə edilməsi üzrə xidmət göstərir. Startap müştərilərə şifrəsiz kriptovalyutalarla tranzaksiya aparmağı təklif edir. Şirkət şifrələrin oğurlana biləcəyini düşünür və onların əvəzinə iki-faktorlu mühafizə sistemini istifadə edir:
• Əvvəlcə tranzaksiyanı vəsaitləri göndərən təşkilatın əməkdaşlarının ən azı üçdə ikisi təsdiqləməlidirlər.
• Sonra isə tranzaksiya “Anchorage”in verifikasiyasından keçməlidir. Burada onu şirkət əməkdaşları və süni intellekt yoxlayır – onlar yollayıcının sındırılıb-sındırılmadığını müəyyən edirlər.
Samirə Məmmədova