Amerikanın “Apple” şirkəti bu il sahibkarlar üçün “iPhone” vasitəsilə kontaktsız (təmassız) ödənişi qəbul etməyə imkan verən funksiyanın mərhələli şəkildə istifadəyə verilməsinə başlamağı planlaşdırır.
Çərşənbə axşamı şirkətin saytında yerləşdirilən açıqlamaya görə, bir sıra hüquqi şəxslər yaz aylarında funksiyadan istifadə edə biləcəklər.
“Siz tezliklə cibinizdə olan cihazdan – iPhone-unuzdan istifadə edərək təmassız ödənişləri qəbul edə biləcəksiniz”, - məlumatda bildirilir.
"Tap to Pay" adlanan yeni funksiya ödəniş terminalından istifadə etmədən alınan mal və xidmətlərə görə ödənişləri iPhone ilə qəbul etməyə imkan verəcək. Açıqlamada bildirilir ki, ilk öncə ABŞ-dakı müştərilər bu funksiyadan istifadə edə biləcəklər.
Bu funksiya iPhone XS və smartfonun sonrakı versiyalarında dəstəklənəcək.