aqrar-sigorta-layihesinin-ilk-sigorta-muqavilesi-qala-sigorta-vasitesile-reallasdi

 Aqrar Sığorta layihəsinin ilk sığorta müqaviləsi Qala Sığorta vasitəsilə reallaşdı

Fermerlərin çoxdan gözlədiyi kənd təsərrüfatı risklərinin sığortası dövlətin dəstəyi ilə həyata keçirilməyə başladı. Bir ildən artıq  müddətdə riskləri, strukturu, təşkilati məsələləri sığorta bazarında və müxtəlif dövlət dairələrində müzakirəsi aparılan və qanun şəklində tətbiqinə qərar verilən bu layihə Azərbaycanın sığorta bazarına yenilik gətirdi.Layihənin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatının inkişafına töhfə verərək, bu istiqamətdə həm fermerlərin,həm də dövlətin qarşılaşacağı risklərdən müdafiə mexanizminin təmin olunmasıdır.

Qala Sığorta Şirkətinin bu layihəyə start verilən gündən aktiv iştirak edərək qanunun hazırlanmasında, təbliğat və tanıtım işlərində və eyni zamanda texniki-təminat proseslərində xüsusi əməyi olmuşdur.Aqrar Sığorta Müştərək Sığorta Şirkətinin təsisçilərindən biri olan Qala Sığorta sığorta müqavilələrinin rəsmiləşdirilməsində də öz fəallığı ilə seçildi. Belə ki, Azərbaycanda bu layihənin ilk sığorta müqaviləsi məhz Qala Sığorta Şirkətinin vasitəçiliyi ilə imzalandı. Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə ötən ilin son ayında buraxılan ilk 9 sığorta müqaviləsi Qala Sığorta Şirkəti vasitəçiliyi ilə müştərilərə təqdim olunub. Bu müqavilələrdən  4-ü kənd təsərrüfatı heyvanlarının sığortası ,5-i isə kənd təsərrüfatı bitkilərinin sığortası növünə aiddir.

2021-ci ilin satış hədəflərində də Qala Sığorta Şirkəti aqrar sığorta sahəsinə əhəmiyyətli yer ayırıb. Postpandemiya dövrünün ölkə iqtisadiyyatının bir çox sahələrinə mənfi təsir etdiyi bir vaxtda kənd təsərrüfatı sənayesi böyük vüsətlə inkişaf edir və təbii ki, bu sahənin risklərinin təminatı kimi yeni yaranmış müdafiə mexanizminin üzərinə böyük yük düşür.Müştərək şirkətin aparıcı oyunçularından olan və ölkə ərazisində geniş xidmət şəbəkəsinə malik olan Qala Sığortanın isə mövcud layihədə sığorta müqavilələrinin bağlanması istiqamətində böyük paya sahib olacağı şübhə doğurmur.

Xatırladaq ki,yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC olan “Qala Sığorta” şirkəti müştərilərinə 1 filial və 10 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü , o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.