aqta-emekdaslari-daha-bir-qanunsuz-toyuq-sexi-askarlayiblar

AQTA əməkdaşları daha bir qanunsuz toyuq sexi aşkarlayıblar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumat əsasında agentliyin və aidiyyəti qurumların əməkdaşları paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsi Bağça küçəsində fəaliyyət göstərən quş kəsim sexinə baxış keçiriblər.

İnsider.az quruma istinadən xəbər verir ki, baxış zamanı həmin ünvanda Ceyhun Babayevə məxsus sexin gecə saatlarında fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyənləşib.

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və su ilə doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların qanı və iç orqanlarının antisanitar şəraitdə sexin döşəməsinə yığılaraq oradan kanalizasiya xəttinə axıdıldığı məlum olub.

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Emal sahəsində araşdırmalar davam edir. Araşdırmaların nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat veriləcək.