aqta-pandemiya-seraitinde-fealiyyet-gosteren-tehsil-muessiselerinde-emel-olunmali-qaydalar

AQTA: Pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində əməl olunmalı qaydalar

Koronavirus pandemiyası dövründə təhsil müəssisələrində təhsil alanların və digər şəxslərin sağlamlığının qorunması və COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması başlıca şərtdir. Təhsil müəssisələrinin fəaliyyətinin pandemiya şəraitinə uyğun təşkili zamanı internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırıldığından, təhsil alanların mümkün qədər fərdi qaydada hazırlanmış qablaşdırılmış qidalarla təhsil aldıqları sinif otaqlarında qidalanmaları tövsiyə olunur.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bu tip təhsil müəssisələrinin nəzdindəki ictimai iaşə sahələrində sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl olunmalı və həmin yerlər təmizlik vasitələri, dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməlidir. Xüsusilə də qida qəbulu sahələrinin girişində və masaların üzərində əllər üçün spirt tərkibli dezinfeksiya vasitəsi qoyulmalıdır. Sosial məsafənin təmin olunması üçün döşəmələrə xəbərdaredici nişanlar yerləşdirilməlidir. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

İşçi heyət şəxsi gigiyena qaydalarına ciddi riayət etməli, gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin edilməlidirlər. Həmçinin işçi heyətə daxil olmayan şəxslərin mətbəxə girməsinə yol verilməməlidir.

Ümumi istifadə olunan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulub növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılmalıdır. Mətbəxlərində sosial məsafənin gözlənməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrində yeməyin hazırlanması dayandırılmalıdır. Həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunmalıdır. Qeyd edək ki, peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana və ya bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.

Məktəbəqədər təhsil müəssisələrində isə koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması üçün işçi heyətlə yanaşı, valideynlər də məsuliyyət daşıyır. Valideynindən təlim-tərbiyə müəssisəsinə daxil olarkən uşaqların sağlamlıq vəziyyəti ilə bağlı məlumat alınmalıdır. Həmçinin müəssisə daxilində uşaqların hərarəti hər gün yoxlanılmalıdır. Məktəbəqədər təhsil müəssisələrində çalışan hər kəsin sanitariya və gigiyena qaydalarına əməl etməsi şərtdir. Xəstəlik törədən mikroorqanizmləri sağlam orqanizmə yoluxduran infeksiya mənbəyini məhv etmək üçün qida ilə təmas edən səthlərin, avadanlıqların mütəmadi olaraq təmizlənməsi və dezinfeksiyası həyata keçirilməlidir.

İşçi heyət xidmət zamanı sosial məsafə prinsipini qorumağa və yaxın təmasdan çəkinməyə diqqət yetirməlidir. COVID-19-a yoluxma və ya xəstəliyin yayılma təhlükəsinin qarşısını almaq üçün xörəklərin hazırlanmasından əvvəl və sonra, eləcə də yeməklərin hazırlanma müddətində mətbəxdə işləyənlərin əllərini axar su altında sabunla azı 20 saniyə yuması vacibdir. Unutmayın ki, əllərin təmiz yuyulması qida yolu ilə yoluxan xəstəlik və digər infeksiya riskini azaldır.

Mətbəxdə bütün qida məhsulları təmiz və qidanın xüsusiyyətlərinə uyğun şəkildə bağlı rəflərdə üstü qapalı şəkildə saxlanılmalıdır. Bu qida məhsullarına mümkün qədər az sayda işçi heyətin toxunması təmin edilməlidir. Çarpaz çirklənmə ehtimalını aradan qaldırmaq məqsədilə emal olunmamış qida məhsulları və hazır qidalar mətbəxdə ayrı-ayrılıqda saxlanılmalıdır. Heyvan mənşəli məhsullardan yoluxma ehtimalının aradan qaldırılması üçün mətbəxə gətirilən məhsullar dövlət baytarlıq nəzarətindən keçməklə müvafiq icazə sənədləri ilə müşayiət olunmalıdır.

Mətbəxdə istifadə edilən bütün xidmət alətləri qabyuyan maşında 60° C və ya daha yuxarı temperaturda yuyulmalıdır. Mətbəxdə müvafiq yerlərdə möhkəm və ağzı bağlanan tullantı qabları, habelə əlcək, üz sipəri, baxil və digər fərdi qoruyucu vasitələrin atılması üçün nəzərdə tutulan qabların yerləşdirilməsi vacibdir.

Uşaqların qidalanması üçün nəzərdə tutulan qida qəbulu sahəsi müntəzəm olaraq havalandırılmalıdır. Bundan başqa, təlim-tərbiyəyə cavabdeh əməkdaş tərəfindən qidalanmadan əvvəl və sonra uşaqların əllərini sabunla axar su altında təmiz yumasına nəzarət edilməlidir. Yeməyin paylanmasını təmin edən şəxsin sanitar-gigiyenik qaydaları və sosial məsafəni gözləməsi, fərdi qoruyucu vasitələrdən düzgün istifadə etməsi vacib şərtlərdəndir.

AZƏRTAC