argentina-iranli-nazirin-hebsini-teleb-edir

Argentina iranlı nazirin həbsini tələb edir

Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdə İsrail mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir.

“Argentina 1994-cü ildə AMIA-da (İsrail mədəniyyət mərkəzi - red.) 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir. Həmin adamlar tam cəzasız olaraq öz rəhbər vəzifələrini tutmaqda davam edirlər. Onlardan biri də Argentina məhkəməsi tərəfindən AMIA-ya hücumun səbəbkarlarından biri kimi axtarışda olan Əhməd Vahididir.

Bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin tərkibindədir. Argentina Pakistan və Şri-Lanka hökümətlərinə müraciət edərək onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbs edilməsini istəyib.

Xatırladaq ki, 1994-cü il iyulun 18-də Buenos-Ayresdə törədilən terror aktı 85 nəfərin həyatına son qoyub. Argentinalı müstəntiqlər partlayışda “Hizbullah” hərəkatının, eləcə də iranlı diplomatların və siyasətçilərin əli olduğunu düşünürlər. Tehran dəfələrlə bu ittihamları rədd edib.

Oxu.Az