Bütün dünyada, eləcə də ölkəmizdə yayılmış COVİD-19 virusu iqtisadiyyatın müxtəlif sahələrinə olduğu kimi, sığorta sektoruna da təsir etməkdədir. Ekspertlərin araşdırmalarına görə qlobal pandemiyanın təsiri özünü daha çox könüllü sığorta bazarında göstərəcək. Rusiyanın iri sığorta şirkətlərindən biri “Ingosstrakh”-ın strateji layihələr üzrə rəhbəri Alexander Goglenkovun sözlərinə görə avtomobillərin icbari sığortası və daşınmaz əmlakın icbari sığortası mövcud vəziyyətdə bazara dəstək verə bilər.
Ekspertlərin fikirincə Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə rəqəmlərdə kəskin dəyişiklik müşahidə edilməsədə mövcud vəziyyət bu sahəyə dolayı yolla təsir edə bilər. Əlavə olaraq, xarici valyutanın artması və sərhədlərin bağlı olması ehtiyat hissələrinin maya dəyərinin artmasına gətirib çıxaracaq ki, bu da sığorta şirkətləri üçün daha bir problem yarada bilər.
Koronavirusla mübarizə çərçivəsində bir çox iş yerlərinin bağlı olması və əməkdaşların fəaliyyətlərinə evlərindən davam etməsini nəzərə alsaq işçilər üçün tətbiq edilən “İstehsalatda bədbəxt hadisələrə qarşı” icbari sığorta növü üzrə ödənişlərdə də azalma müşahidə ediləcəyini proqnozlaşdırmaq olar. Ekspertlərin rəyinə əsasən insanların evdə daha çox vaxt keçirməsi onların əmlak sığortasına olan marağını da artıra bilər.
COVİD-19 epidemiyasının səfər sığortasına təsiri mənfi oldu
Dünyanı əhatə edən koronavirusun daha da yayılmasının qarşısını almaq üçün bütün ölkələrin atdığı ilk addım sərhədləri bağlamaq oldu. Mövcud vəziyyətlə əlaqədar ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması, müəyyən bir mərhələdən sonra isə dayandırılması təbii olaraq səfər sığortasına olan tələbatın kəskin azalmasına gətirib çıxardı.
Dünya ölkələri ilə yanaşı Azərbaycanda da sığorta bazarı üçün də bu hal qaçınılmaz oldu. Qonşu Rusiyada da anoloji vəziyyət müşahidə edildi. Federasiyadakı bir çox şirkətlərdə səfər sığortasına olan təlabat fevral ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10% , mart ayında isə 50% azaldı. Bəzi şirkətlərdə isə bu göstərici 90% ə qədər yüksəldi. Təbii ki, bu rəqəmlər ayrı-ayrı sığorta şirkətlərində müxtəlif şəkildə təzahür edə bilər.
Ölkəmizdə isə ötən ildə səyahət sığortası üzrə toplanan haqların ümumi həcmi 4.8 milyon manat təşkil etmişdisə, bu il bu göstəricinin kəskin azalacağı istisna edilmir.
Pandemiya həyat sığorta bazarında sürətlə yayılır
İlk dəfə 2013-cü ildə dünya üzrə sığorta şirkətlərinin fəaliyyətinə güclü təsir edən epidemiyalar, viruslar və xəstəliklərlə mübarizəyə hansı dərəcədə hazır olduqları ilə bağlı sorğu keçirilmişdi. Həmin sorğunun nəticəsi kimi şirkətlərin bu risklərə qarşı hazır olmadıqları və özlərini tam şəkildə sığortalamadıqları müəyyən edilmişdi. İndiki dövr üçün isə vəziyyət bir qədər fərqlidir, sığorta şirkətləri baş verən vəziyyəti minimum zərərlə başa vurmaq, bu kimi çətin vəziyyətlərdə vətəndaşlara və hökümətə köməklik göstərmək məqsədilə müxtəlif tədbirlər həyata keçirirlər.
Məsələn, qardaş Türkiyədə sığorta şirkətləri pandemiyanı sığorta risklərinin tərkibinə daxil etdilər. Türkiyə Sığorta Birliyinin (TSB) rəhbəri Atilla Benlin verdiyi müsahibədə ölkə üzrə yazılan tibbi sığorta polislərinin demək olar ki, yalnız 15%-nin kütləvi epidemiyaları, virusları və s. bu kimi riskləri təminatına daxil etdiyi halda, indiki vəziyyətdə 99% müqavilələrin sığorta ödənişləri ilə təmin ediləcəyini bildirib.
Çin, İtaliya kimi bir çox ölkələrdə yerləşən bəzi şirkətlər dövlətin yükünü azaltmaq və səhiyyə sektoruna dəstək vermək üçün koronavirus epidemiyasını həyat sığortasına aid etdilər. Bu təminat iş yerlərində və ailələrində virusa yoluxan şəxslərə aid edilir. Bu hal daha öncə də 2003-cü ildə baş verən SARS epidemiyasından sonra da yaşanmışdı. Sığorta şirkətləri o zaman bu cür addım ataraq epidemiya və yoluxmaları öz müqavilələrinə daxil etmişdilər.
Ekspertlərin fikrincə COVİD-19 epidemiyasının risk kimi sığorta məhsuluna aid edilməsi şirkətlər üçün ciddi xərc deməkdir. Lakin sığorta şirkətləri bununla son bir neçə ayda yığımlarda baş verən azalmaların müəyyən bir qismini kompensasiya edə biləcəklərini güman edirlər.
Rusiya bazarı Azərbaycan sığorta bazarına yaxın olduğu üçün müstəqillik qazandıqdan sonra sığorta sistemi qurularkən məhz bu ölkənin təcrübəsindən geniş istifadə edilmişdi. Bu səbəblə də Rusiya sığorta bazarının təhlili bizə mövcud vəziyyəti qiymətləndirməyə imkan verir.
Rus ekspertlərinin rəylərinə görə sığorta bazarının əsas idarəedici məhsulu olan könüllü tibbi sığorta 2020-ci ildə zəif nəticələr göstərə bilər. Onların fikrincə sığorta şirkətlərinin korporativ müştərilərə təqdim etdikləri işçilər üçün nəzərdə tutulan könüllü tibbi sığortada haqların azalması gözlənilir. Buna səbəb şirkətlərin həmin məhsuldan ya tamamilə imtina etmələri və yalnız icbari tibbi sığorta ilə kifayətlənmələri, ya da sayını əhəmiyyətli dərəcədə azatmaları ola bilər.
Lakin Rusiyalı ekspert Şarapov bildirir ki, fevral ayının əvvəllərində bu cür mənfi ssenarini çox az şirkət gözlədiyi üçün cari ilin birinci rübü üçün müqavilələri artıq bağlayıblar. Bu da sığorta şirkətlərin itkilərinin 45%-ni geri qaytarır.
Qiymətləndirmələrə görə, 2020-ci ilin birinci yarısınıda işçilər üçün könüllü tibbi sığorta haqlarının həcmində 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9-14% azalma müşahidə olunacaq. Yəni əgər ötən il bu məhsul üzrə yığım 116 milyard rubl idisə 2020 – ci ildə bu rəqəm 100-105 milyard ola bilər. Təbi ki, verilən proqnozlar Rusiya sığorta bazarı üçün nəzərdə tutulub. Lakin bazarlararası oxşarlıq və mövcud vəziyyət Azəraycan sığorta bazarı üçündə könüllü tibbi sığorta məhsulununa olan təlabatın azalacağı proqnozunu verməyə imkan verir.
Ekspertlərin fikrincə isə ilin ikinci rübü üçün gözləntilər elə də mənfi deyil. Pandemiya sürətlənməsə, yaşayış əvvəlki vəziyyətinə geri qayıtsa iqtisadi fəaliyyət sürətlə bərpa ediləcək və bu şərtlərdə tibbi sığorta üzrə haqlar ilin sonunda 10-12% artacaq