İyunun 10-da Avropada ən böyük beynəlxalq konfrans olan “Elektron imza və Etibarlı Xidmətlər” (EFPE - European Forum on Electronic Signature and Trust Services) adlı tədbir keçirilib.
Bu barədə “ASAN xidmət” məlumat yayıb.
Bildirilib ki, EFPE, elektron imza və açıq açar infrastrukturu, eləcə də elektron identifikasiya və rəqəmsal təhlükəsizliyin də daxil olduğu etibarlı elektron xidmətlər sahəsində ixtisaslaşmış bir platforma hesab edilir. EFPE iyirmi ildir ki, etibarlı elektron xidmətlərin tətbiqi istiqamətində hüquq, texnologiya və təcrübə sahəsində ekspert və peşəkarları özündə birləşdirir.
Bu ilki EFPE konfransının gündəliyi “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyi kimi” adlanırdı. Onlayn tədbirdə dünyanın hər yerindən 700-dən çox mütəxəssis iştirak edib. Elektron transformasiyanı dəstəkləyən və dünyanın hər yerindən iştirak edən tanınmış özəl şirkətlərin, müəssisə və ictimai təşkilatların nümayəndələri çıxış edərək bildiriblər ki, COVID-19 pandemiyası kağızsız xidmətlərin inkişafına kifayət qədər təsir edib.
EFPE 2021 spikerləri arasında Avropa Komissiyası, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO, ABŞ), Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSI), Samsung Electronics (Polşa), Cosmos Corporation (Yaponiya), Asseco Data Systems, İnformasiya təhlükəsizliyinin idarə edilməsi (BSI, Almaniya) və s. bu kimi nüfuzlu beynəlxalq təşkilatlar və şirkətlərin nümayəndələri iştirak edib.
B.EST Solutions şirkətinin direktoru və təsisçisi xanım Jana Krimpe, “Etibarlı xidmətlər ölkələri birləşdirir: elektron identitet - transsərhəd və elektron ticarət və rəqəmsal transformasiyanın əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. Xanım Krimpe Azərbaycanın rəqəmsal transformasiya sahəsindəki nailiyyətləri, etibarlı xidmətlərin təqdim edilməsi, “Asan İmza” mobil identiteti, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı (RTQ) və elektron ticarətin transsərhəd modellərini təqdim edib. O qeyd edib ki, innovativ mobil identitet (“Asan İmza”) texnologiyasının Azərbaycanda tətbiqi əhaliyə xidmətdə əlyetərlik, əhatəlilik və şəffaflığın təmin edilməsində bir vasitə kimi beynəlxalq təşkilatların çoxsaylı hesabatlarına ən yaxşı təcrübələrdən biri kimi əlavə olunub. “Asan İmza” istifadəçiləri dövlət və özəl qurumlar tərəfindən təqdim olunan 1000-dən çox elektron xidmətə əlyetərlik imkanına sahibdirlər.
Ekspert həmçinin RTQ haqqında da məlumat verib – bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions və AzerTelecom arasında dövlət-özəl tərəfdaşlıq konsorsiumudur. RTQ, rəqəmsal rezidentlər, frilanserlər və sahibkarlar üçün əlverişli iş mühitinin yaradılması üçün dövlət və özəl sektor nümayəndələrinin görüşdüyü bir platformadır.
Xanım Krimpe RTQ layihəsinin yalnız bölgədə deyil, həm də qlobal səviyyədə əhəmiyyətini vurğulayıb. Jana Krimpe qeyd edib ki, RTQ-nin gələcək inkişafı post-Covid dövründə sosial, iqtisadi və maliyyə sektorlarında rəqəmsal texnologiyalardan istifadə edərək ölkənin sürətli bərpasına kömək edəcəkdir. Ekspert, mobil rezidentlik layihəsinin vacibliyini də vurğulayıb. Mobil rezidentliyin köməyilə sahibkarlar coğrafi yerindən asılı olmayaraq, Azərbaycanda şirkət qura və əhəmiyyətli elektron xidmətlərdən məsafədən istifadə edə biləcəklər.
Həmçinin, xanım Jana Krimpe kibertəhlükəsizlik üzrə Baş ekspert (ENISA) cənab Slavomir Qorniakın moderator olduğu “Elektron identifikasiya və etibarlı xidmətlər rəqəmsal iqtisadiyyatın gələcəyidirmi?” adlı müzakirə panelində də ekspert qismində çıxış edib. Müzakirə panelinin iştirakçıları Aİ ilə üçüncü ölkələr arasında transsərhəd qarşılıqlı tanınma modellərinin perspektivləri, eIDAS-ın yeni müddəaları, İdentifikasiya üçün Avropa Rəqəmsal Cüzdanları, yeni elektron identifikasiya sistemləri konsepsiyası, hüquqi təsdiqin təmin edilməsi üçün elektron reyestrlər, fərdi məlumatların əlavə qorunması, kibertəhlükəsizlik haqqında Avropa qanununa uyğun sertifikatlaşdırma mövzularında müzakirələr aparıblar.
Xanım Krimpe Azərbaycanda mövcud etibarlı xidmətlər barədə təqdimat edərək, elektron imzaların qarşılıqlı tanınması üçün müxtəlif transsərhəd modellərdən bəhs edib. Eləcə də ekspert, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən təqdim olunan Asiya və Sakit Okean regionunda transsərhəd kağızsız ticarətin sadələşdirilməsinə dair Çərçivə sazişi ilə əlaqədar tədbirlərdən də danışıb. Bu saziş, iştirakçılar arasında elektron ticarət üçün məlumatlar və elektron formada sənədlərin qarşılıqlı tanınmasının transsərhəd mexanizmlərin yaradılması və qarşılıqlı tanınmanın həyata keçirilməsi mexanizmlərinə dair ikitərəfli və çoxtərəfli müqavilələrin bağlamasına imkan verir.
Konfrans haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.