asan-xidmet-ve-asan-kommunal-larin-is-saatlarinda-deyisiklik-edildi

"ASAN xidmət" və "ASAN Kommunal"ların iş saatlarında dəyişiklik edildi

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmətlərdən yararlanan vətəndaşlara müraciət edib.

Dövlət Agentliyindən bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.

"Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

Qeyd olunanları nəzərə alaraq, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.

Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq", məlumatda bildirilib.

Report